İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın başçılıq etdiyi nümayəndə heyəti ötən gecə saatlarında İslamabada çatıb və Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirlə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Görüş zamanı İranın xarici işlər naziri Abbas Əraqçi də iştirakçılar sırasında olub.
Bildirilib ki, danışıqların hazırkı mərhələsində İran tərəfi ABŞ-nin öz öhdəliklərinə əməl etməməsinə dair kəskin etirazını irəli sürüb.
Xatırladaq ki, münaqişənin nizamlanması məqsədilə ABŞ nümayəndələri ilə müzakirələr aparmaq üçün Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi heyət şənbə gecəsi Pakistanın paytaxtına yola düşüb.
Şənbə səhəri isə ABŞ nümayəndə heyətinə rəhbərlik edən Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vens Pakistana səfər edib.
Media orqanlarının yaydığı məlumata görə, Vaşinqton və Tehran arasındakı danışıqlar Bakı vaxtı ilə saat 16:00-dan sonra start götürəcək. Qeyd olunur ki, tərəflər arasında dolayısı yolla məsləhətləşmələr artıq yekunlaşıb və növbəti müzakirələr birbaşa formatda baş tutacaq.