"Emmanuel Todd Qərbin dəyərlərinin tükəndiyini və dünyanın təhlükəli ideoloji boşluğa sürükləndiyini hesab edir..."
Fransız alim Emmanuel Todd bəyan edib ki, dünya köklü dəyişikliklər astanasındadır və mövcud sistem tədricən dağılır.
Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın "Asahi Shimbun" nəşri yazıb.
Qərb modeli tükənir, yeni böhran yaxınlaşır
Onun fikrincə, ABŞ-ın qlobal dominantlığı zəifləyir, Çin isə güclü rəqibə çevrilir. Todd hesab edir ki, bu prosesin dönüş nöqtəsi NATO-nun Ukraynada mümkün məğlubiyyəti ola bilər. Bu halda ABŞ-ın illərlə yaydığı ideoloji model ciddi sınaqdan keçəcək və Qərb dəyərləri əvvəlki cazibəsini itirəcək. Onun sözlərinə görə, maliyyə sektorunun üstünlüyü və digər ideoloji prioritetlər artıq əvvəlki kimi qəbul olunmayacaq.
"Homo economicus" və insanlığın böhranı
Toddun əsas narahatlığı müasir insan modeli olan "Homo economicus"-dur. Bu anlayış insanın yalnız öz maraqları və rasional qazancı əsasında hərəkət etdiyini nəzərdə tutur. Alimə görə, bu model artıq bütün dünyaya yayılıb və cəmiyyətləri dərin böhrana aparır.
O bildirir ki, bu yanaşma doğum səviyyəsinin kəskin azalmasına və sosial həyatın zəifləməsinə səbəb olur. Çünki iqtisadi düşüncə altruizmi, yəni başqaları üçün fədakarlıq etməyi nəzərə almır. Halbuki insan cəmiyyətinin davamlılığı məhz bu xüsusiyyətə əsaslanır.
Todd vurğulayır ki, uşaq dünyaya gətirmək iqtisadi baxımdan "səmərəsiz" görünə bilər, lakin bu, insanlığın davamı üçün vacib olan ən böyük fədakarlıqdır. "Homo economicus" dünyasında isə belə davranışlar mənasız hesab olunur.
"Sıfır dünyası": ideologiyanın son mərhələsi
Toddun fikrincə, iqtisadi düşüncə tədricən sağlam analizdən uzaqlaşaraq ideologiyaya çevrilib - elə bir ideologiyaya ki, eqoizmi normaya çevirir. Nəticədə dünya "sıfır din", "sıfır düşüncə" və "sıfır milliyyətçilik" mərhələsinə doğru gedir.
Bu isə onun sözləri ilə desək, "sıfır və boşluq dünyası" - mənəvi dəyərlərin zəiflədiyi, insan münasibətlərinin sırf fayda üzərində qurulduğu bir sistem deməkdir. Todd xəbərdarlıq edir ki, əgər bu meyl davam edərsə, bəşəriyyət yalnız iqtisadi deyil, həm də dərin mədəni və demoqrafik böhranla üz-üzə qalacaq.