Dünya
308
20:35, Bu gün

"İran qalib, ABŞ məğlubdur: bu savaşdan sonra dünya əvvəlki kimi olmayacaq" - "Der Spiegel"

"Vaşinqton zəifləyib, Tehran isə güclənərək regional oyunun əsas fiquruna çevrilib..."

ABŞ və İran arasında baş verən son müharibədə qalib gözlənildiyi kimi Vaşinqton deyil, məhz Tehran olub. 

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri yazıb.

Müharibənin gözlənilməz qalibi

Məqalədə vurğulanır ki, Donald Trampın hədələrinə baxmayaraq, İran nə "daş dövrünə qaytarıldı", nə də onun sistemi çökdü,  əksinə, ölkə daha da gücləndi. Nəşr qeyd edir ki, qısamüddətli atəşkəs müharibənin dayandırılması baxımından müsbət görünsə də, bunun arxasında ciddi xaos və qeyri-müəyyənlik dayanır. 

Trampın aqressiv siyasəti beynəlxalq hüquq normalarını pozaraq regionu sarsıdıb və qlobal iqtisadiyyata zərbə vurub. Müəllifin fikrincə, ABŞ prezidenti artan daxili təzyiqlər, xüsusilə enerji qiymətlərinin yüksəlməsi fonunda münaqişədən tez çıxmaq yolunu axtarır.

Tehran güclənir, dünya asılı hala düşür

Nəşr hesab edir ki, hazırkı vəziyyətdə əsas qalib İranın hərbi-siyasi strukturları, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu olub. Bu qüvvə həm ABŞ, həm də İsrailin zərbələrinə tab gətirib və hələ də regionda təsirli güc olaraq qalır. Eyni zamanda İran enerji bazarında mövqelərini möhkəmləndirib.

Hörmüz boğazı üzərində təsir imkanları Tehrana qlobal enerji axınlarına ciddi nəzarət imkanı verib. Nəticədə dünya enerji təhlükəsizliyi getdikcə daha çox İranın qərarlarından asılı vəziyyətə düşür. Məqalədə qeyd olunur ki, Tehran həm iqtisadi qazancını artırıb, həm də siyasi təsirini genişləndirib.

Uduzanlar: Qərb, region və qlobal sistem

"Der Spiegel" yazır ki, bu müharibənin uduzanları təkcə ABŞ deyil. Ən ağır yükü İran cəmiyyəti daşıyacaq, çünki ölkədə daha sərt və radikal idarəetmə güclənə bilər. Eyni zamanda Fars körfəzi ölkələri də təhlükə altındadır, çünki onlar daha aqressiv və öz gücünü nümayiş etdirmiş qonşu ilə üz-üzə qalıblar.

Məqalədə vurğulanır ki, bu münaqişə beynəlxalq hüquqa və Qərbin nüfuzuna ciddi zərbə vurub. ABŞ-ın qlobal liderlik iddiaları zəifləyib, bundan isə ən çox Rusiya və Çin faydalana bilər. Nəticə olaraq müəllif belə qənaətə gəlir: Tramp bu müharibə ilə ABŞ-ın gücünü nümayiş etdirmək istəyirdi, lakin əks effekt əldə olundu. Regionda tarazlıq pozulub və yeni münaqişələrin baş verməsi artıq sadəcə zaman məsələsidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər