İsrailin baş naziri Benyamin Netanyahu İspaniyanı ölkəsinə qarşı “diplomatik müharibə” aparmaqda ittiham edərək sərt açıqlamalar verib. O, İspaniyanın İsrail ordusuna böhtan atdığını iddia edərək, “bunun nəticələri olacaq” deyə bildirib.
Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, Netanyahu sosial mediada paylaşdığı mesajda “İspaniya dünyanın ən əxlaqlı ordusunun əsgərləri olan qəhrəmanlarımıza böhtan atdı” ifadəsini işlədib.
O, Madrid hökumətinin beynəlxalq səviyyədə İsrail əleyhinə mövqe tutduğunu və bu addımlara cavab verəcəklərini vurğulayıb.
Məlumata görə, Qəzza müharibəsi fonunda iki ölkə arasında aylardır davam edən gərginlik daha da artıb. İspaniyanın baş naziri Pedro Sançez hökuməti İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları kəskin tənqid edib və Avropa İttifaqını İsraillə bağlanmış razılaşmalara yenidən baxmağa çağırıb.