Polşa milli futbol komandasının köməkçi məşqçisi Yaçek Maqera 49 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
"Polşa Futbol İttifaqı Yaçek Maqeranın ölüm xəbərini dərin hüzn və böyük təəssüf hissi ilə qarşıladı", - deyə qurumun rəsmi saytında dərc olunan bəyanatda qeyd edilib.
Qeyd edək ki, Maqera peşəkar karyerasına Çenstoxovanın "Rakuv" klubunda başlayıb, daha sonra isə paytaxtın "Legiya" komandasının şərəfini qoruyub. Varşava təmsilçisi ilə o, iki dəfə Polşa çempionu adını qazanıb, ölkə Kuboku və Superkubokuna, eləcə də Polşa Liqa Kubokuna sahib çıxıb. Ekstraklasada (Polşa futbol çempionatının yüksək divizionu) ümumilikdə 233 oyuna çıxan idmançı rəqib qapılarından 25 top keçirməyi bacarıb.
Yaşıl meydanlarla vidalaşdıqdan sonra Maqera məşqçilik fəaliyyətinə qədəm qoyaraq, Polşanın gənclər yığmasında və "Legiya"da köməkçi kimi çalışıb, həmçinin ehtiyat komandanı, Sosnovetsin "Zaqlembe" və Vrotslavın "Şlensk" klublarına rəhbərlik edib. 2016/17 mövsümündə onun baş məşqçiliyi altında "Legiya" çempionluq sevinci yaşayıb. 2025-ci ilin iyul ayından etibarən isə Yaçek Maqera Yan Urbanın rəhbərlik etdiyi əsas Polşa millisinin məşqçilər korpusunda yer alırdı.