Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinin enerji xərclərini kəskin şəkildə artırmasına səbəb olmasından yorulduğunu ifadə edib.
Moderator.az bildirib ki, bu barədə "Sky News"məlumat yayıb. Bildirilib ki, o bu açıqlamanı Yaxın Şərqə səfəri zamanı verib.
"Bütün ölkə üzrə ailələrin və müəssisələrin Putin və ya Trampın qlobal səviyyədə atdığı addımlara görə enerji xərclərinin artıb-azalmasını görməsindən yorulmuşam. Biz insanlara sadəcə olaraq beynəlxalq bazarın şərtləri ilə barışmalıyıq deməkdən yorulmuşuq", - deyə baş nazir bildirib.
O əlavə edib ki, onlara enerji müstəqilliyi lazımdır.
"Buna nail olmağın yeganə yolu isə bərpaolunan enerji mənbələrinə daha sürətlə keçməkdir, çünki beynəlxalq bazar bizə bu müstəqilliyi verməyəcək", - deyə o bildirib.
Starmer bərpaolunan enerjiyə (məsələn, günəş və külək enerjisinə) ehtiyacı əsaslandırmaq üçün dəfələrlə Yaxın Şərqdəki müharibəni misal çəkərək daha böyük enerji müstəqilliyini müdafiə edib.
Starmerin ABŞ və Rusiya prezidentlərini tənqid etməsi, ötən gecə Qətərdən Trampla etdiyi telefon danışığından qısa müddət əvvələ təsadüf edir.
Qeyd olunub ki, Hörmüz boğazı neft və qaz daşımaları üçün həyati əhəmiyyət kəsb edən bir keçiddir. Lakin müharibə başlayandan bəri İran tərəfindən faktiki olaraq bağlanması neftin və nəticə etibarilə enerjinin qiymətinin əhəmiyyətli dərəcədə qalxmasına səbəb olub.