Fransada rəyi soruşulan respondentlərin təxminən 46 %-i həyatında ən azı bir dəfə irqçilik zəminində baş verən aqressiyanın və ya ayrı-seçkiliyin qurbanı olub.
Moderator.az xəbər verir ki, bu məlumatlar İrqçilik və Antisemitizmə Qarşı Beynəlxalq Liqanın (LICRA) IFOP institutu ilə birgə apardığı və aprelin 9-da dərc olunmuş genişmiqyaslı araşdırmasında öz əksini tapıb.
Fransanın "Le Monde" qəzeti qeyd edib ki, bu, bütün ölkə üzrə 14 mindən çox insanın iştirak etdiyi bu günə qədər olan ən böyük sorğudur.
Araşdırmanın nəticələrinə görə, irqçiliklə üzləşmə səviyyəsi etnik və dini mənsubiyyətdən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, qaradərililərin təxminən 80 %-i və ərəblərin 70 %-i belə bir təcrübə barədə məlumat verib, ağdərililər arasında isə bu göstərici 39 % təşkil edib.
Dini azlıqların yüksək həssaslığı xüsusilə vurğulanır: müsəlmanların 79 %-i və yəhudilərin 69 %-i ayrı-seçkiliklə üzləşib.
Fransa KİV-ləri davranış tərzinə də diqqət çəkirlər: zərərçəkənlərin yarıdan çoxu (52 %) gündəlik vərdişlərini dəyişməyə - müəyyən yerlərdən qaçmağa və ya öz kimliyini gizlətməyə məcbur olur. Bununla yanaşı, respondentlərin təxminən 22 %-i mühacirət etmək barədə düşünüb.
Araşdırmada həmçinin ayrı-seçkiliyin ən çox baş verdiyi əsas sahələr - məktəblər və iş mühiti qeyd edilib. Gənclər arasında bu problem xüsusilə tez özünü göstərir, çünki onlar bununla artıq təhsil müəssisələrində qarşılaşırlar: yeniyetmələrin dörddə birindən çoxu bu barədə məlumat verib.
Məlumat Fransada irqçiliklə bağlı fəal ictimai debatlar fonunda dərc olunub.
Daha əvvəl Parisdə, paytaxtın Sen-Deni şəhərətrafı bələdiyyəsinin bu yaxınlarda seçilmiş qaradərili rəhbərinin öz ünvanına deyilmiş irqçi ifadələrlə qarşılaşmasından sonra genişmiqyaslı antiirqçi mitinq keçirilmişdi.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, söhbət tək-tək hallardan deyil, sosial həmrəyliyə və cəmiyyətin psixoloji vəziyyətinə təsir göstərən "genişmiqyaslı və struktur" hadisədən gedir.