Dünya
912
19:35, Bu gün

"İranlılar ABŞ-ı tamamilə sındırdı: "kağız pələng" boğulub öldü" - "The Atlantic" (ABŞ)

"Vaşinqton öz əli ilə Tehranın mövqelərini gücləndirdi..."

İranla müharibə ABŞ üçün strateji məğlubiyyətlə nəticələnib və Vaşinqton gözlədiyinin əksinə olaraq Tehranın mövqelərini daha da gücləndirib. 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "The Atlantic" nəşri yazıb.

İranın qazandığı müharibə

Məqalədə ABŞ "kağız pələng", yəni zahirən güclü, amma real güc nümayiş etdirə bilməyən aktor kimi təsvir olunur. Müəllif qeyd edir ki, ABŞ, İran və İsrail arasında əldə olunan iki həftəlik atəşkəs əslində Tehran üçün sərfəli şərtlərə əsaslanır. İranın təqdim etdiyi 10 maddəlik planı Donald Tramp "danışıqlar üçün real baza" adlandırıb.

"The New York Times" qəzetinin yaydığı məlumata görə, plan İran üzərindən bütün sanksiyaların götürülməsini, Hörmüz boğazı üzərində nəzarətin Tehrana verilməsini və gəmilərdən ödəniş alma hüququnu nəzərdə tutur. Bu isə o deməkdir ki, müharibə bu şərtlərlə bitsə, ABŞ əvvəlkindən daha zəif mövqedə qalacaq, İran isə açıq qalib kimi çıxacaq.

Vaşinqtonun məqsədləri və uğursuzluq reallığı

Məqalədə vurğulanır ki, Tramp administrasiyasının məqsədləri müharibə boyu dəyişib. Əvvəlcə rejim dəyişikliyi ehtimalı səsləndirilsə də, sonradan diqqət İranın hərbi potensialının məhv edilməsinə yönəlib. Lakin nəticədə bu hədəflərin heç biri tam reallaşmayıb.

ABŞ və İsrail İranın bir sıra yüksək vəzifəli şəxslərini aradan götürsə də, onların yerinə oxşar xətti davam etdirən fiqurlar, o cümlədən Əli Xameneinin oğlu gəlib. Trampın özü də etiraf edib ki, ABŞ-ın dialoq qurmaq istədiyi "mülayim" qüvvələrin çoxu artıq həyatda deyil. Bu isə rejimi zəiflətmək əvəzinə daha sərt və konsolidasiya olunmuş hala gətirib.

Eyni zamanda İran müharibənin son həftələrinə qədər ballistik raketlər və "Shahed" tipli pilotsuz aparatlarla zərbələr endirməyə davam edib və raket arsenalının təxminən yarısını qoruyub saxlayıb. Bu da onu göstərir ki, ABŞ-ın vurduğu zərər qısa müddətdə bərpa oluna bilər.

Strateji balansın dəyişməsi və İranın qazancı

İran donanmasının böyük hissəsi müharibənin ilk günlərində məhv edilsə də, bu, həlledici üstünlük yaratmayıb. Tehran kiçik qayıqlar, dronlar və minalama təhdidi ilə Hörmüz boğazı üzərində faktiki nəzarəti qoruyub saxlayıb. Bu səbəbdən sığorta şirkətləri bölgəni təhlükəli hesab edib və keçid faktiki olaraq dayanıb.

Nüvə proqramına gəlincə, İran müharibədən əvvəl malik olduğu zənginləşdirilmiş uranı qoruyub saxlayır və bu ehtiyat əvvəlkindən daha çoxdur. Rəsmi olaraq ölkədə nüvə silahı proqramı olmasa da, indi Tehran belə qənaətə gələ bilər ki, ABŞ-dan qorunmağın yeganə yolu Şimali Koreya kimi nüvə silahı əldə etməkdir.

Bundan əlavə, sanksiyaların ləğvi İranın maliyyə imkanlarını genişləndirəcək və onun regional təsirini artıracaq. ABŞ isə əksinə, böyük miqdarda yüksək dəqiqlikli silah ehtiyatlarını xərcləyərək özünü zəiflədir. Bu silahların bərpası illər çəkə bilər və bu, xüsusilə Sakit okean regionunda artan gərginlik fonunda Vaşinqton üçün ciddi risk yaradır.

Nəticə etibarilə İran müharibədən itkilərlə çıxsa da, strateji qalib təsiri bağışlayır. Ölkə həm rejimi qoruyub saxlayıb, həm də mühüm su yoluna nəzarəti gücləndirib. Sanksiyaların aradan qalxması isə iqtisadi dirçəlişə və daxili sabitliyin artmasına şərait yarada bilər. Müəllif belə qənaətə gəlir ki, ABŞ müdaxilə etməsəydi, İran rejimi daxili problemlər səbəbindən zəifləyə bilərdi, lakin müharibə nəticəsində əksinə, daha da möhkəmlənib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər