Rusiya çətinliklər yaşamağa başlayan Asiya ölkələrinə ABŞ sanksiyaları altında olan mayeləşdirilmiş təbii qazının (LNG) alınması üçün alternativ həll yolları təklif etməyə başlayıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri anonim mənbələrə istinadən məlumat verib.
İddia olunur ki, çatdırılmalar mövcud spot qiymətlərindən təxminən 40% endirimlə həyata keçirilə bilər. Vasitəçilər kimi Çin və Rusiyada qeydiyyatdan keçmiş az tanınan şirkətlər çıxış edir. Agentliyin mənbəyinin məlumatına görə, çatdırılmalar üçün müşayiətedici sənədlərin hazırlanması və bu sənədlərdə xammalın mənbəyi kimi Oman və ya Nigeriyanın göstərilməsi təklif edilir.
ABŞ Maliyyə Nazirliyi martın 12-dən əvvəl gəmilərə yüklənmiş Rusiya neftinin və neft məhsullarının satışını müvəqqəti olaraq sanksiyalardan çıxarıb. Nazirliyin dərc olunmuş sənədinə əsasən, bu cür yüklərin satışı, daşınması və ya boşaldılması üçün zəruri olan tranzaksiyalara icazə verilir. Güzəştlər yalnız artıq gəmilərdə olan Rusiya mənşəli neft və neft məhsullarına şamil edilir və aprelin 11-nə qədər qüvvədə olacaq. Eyni zamanda, yeni tədarüklər, eləcə də İran, İran hökuməti və ya İran mənşəli mal və xidmətlərlə bağlı istənilən əməliyyatlar üçün məhdudiyyətlər qüvvədə qalır.