Bizi sosial şəbəkələrdən izləyin:
Everest zirvəsini fəth etmiş ilk ABŞ-li kimi tarixə düşən alpinist Cim Uittaker 97 yaşında dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mərhumun ailəsinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, tanınmış idmançı aprelin 7-də Vaşinqton ştatının Port-Taunsend şəhərindəki evində həyatla vidalaşıb.
Cim Uittaker Everestə 1963-cü ildə qalxıb. AP qeyd edir ki, bu tarixi hadisə ABŞ-də alpinizmə olan marağın yenidən canlanmasına səbəb olmaqla yanaşı, onu qısa zamanda məşhurlaşdırıb. Bildirilir ki, Uittaker bir çox başqa dırmaşmalara, o cümlədən 1990-cı ildə ABŞ, SSRİ və Çin alpinistlərinin iştirak etdiyi beynəlxalq Everest ekspedisiyasına da rəhbərlik edib. Ailəsinin açıqlamasında qeyd olunur ki, həmin yürüş "əməkdaşlıq və xoşməramlılıq sayəsində nələrə nail olmağın mümkünlüyünü nümayiş etdirmək" məqsədi daşıyıb.