Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı İranda atəşkəsin əldə olunması və regiondakı son hadisələr müzakirə edilib.
Ərdoğan iki həftəlik atəşkəsin əldə olunması ilə davamlı sülh və sabitlik üçün mühüm fürsət yarandığını, bunun hədər edilməməsinin vacibliyini vurğulayıb, Türkiyənin davamlı sülhə töhfə vermək üçün səylərini davam etdirəcəyini bildirib.
Türkiyə Prezidenti edilən hücumlar fonunda Qətərin konstruktiv mövqe sərgiləməsini yüksək qiymətləndirdiyini qeyd edib.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.