Dağıstanda sel fəlakəti: “Palçıq istilası” və hepatit təhlükəsi davam edir...
Dünya
595
08 Apr 2026 | 22:56

Dağıstanda sel fəlakəti: “Palçıq istilası” və hepatit təhlükəsi davam edir...

Son günlər Dağıstanda yağan aramsız yağışlar ölkədə çoxsaylı sel fəlakətinə yol açıb. Belə ki, yağış səbəbi ilə çayların məcrasından çıxması yalnız ucqar qəsəbələrdə deyil, Dərbəd, Mahaçqala kimi şəhərlərdə də yüzlərlə ailənin təxliyyəsinə səbəb olub. 
 
Qecux su anbarının daşması səbəbilə Mahaçqaladakı Zareçnaya, Mixaylovka, Duzlaq, Sulepa Ursun və s. kimi yaşayış məntəqələrində həyat iflic olub. İnsan itkisinin qarşısını almaq üçün hökumət xeyli sayda texnika və canlı qüvvənin iştirakı ilə məlumatlandırma və təxliyyə işlərini həyata keçirməkdədir. Artıq 4 min nəfərdən çox şəxsin təhlükəsiz bölgəyə köçürülməsi təmin edilib və bu rəqəm hər ötən saat daha da artır. Lakin görülən bütün tədbirlərə baxmayaraq, insanların heç də hamısının təhlükəsizliyini təmin etmək mümkün olmayıb. Belə ki, 7 aprel tarixinə olan məlumata görə Dağıstanda sel 6 nəfər insanın həyatına son qoyub. İki mindən artıq ev tamamilə su altında qalıb. Bundan başqa, sel nəticəsində beşmərtəbəli binanın çökməsi faktı qeydə alınıb ki, bu da əhali arasında təlaşı daha da artırıb. "Solneçnıy bereq" düşərgəsi ətrafı və Xasavyurt rayonunda da gərgin vəziyyət müşahidə olunur.
 
Minlərlə insanın sağlamlığını təhdid edən Hepatit A təhlükəsi...
 
Sel fəlakəti özü ilə yanaşı əlavə fəlakətlər də gətirib. Belə ki, intensiv yağışlar və məcrasından çıxaraq kilometrlərlə geniş ərazini təhlükə zonasına çevirən sel fəlakəti çoxlu sayda binada uçqun təhlükəsi yaradıb. 
 
Bundan başqa, fəlakət insanların sağlamlığını təhdid edən təhlükəli xəstəliklərin meydana çıxması üçün əlverişli zəmin formalaşdırıb ki, bunlardan da biri Hepatit A-dır. Təhlükənin miqyas və ciddiliyini nəzərə alan Dağıstan rəhbərliyi kütləvi vaksinasiya işləri həyata keçirir. Məqsəd təhlükənin qarşısını vaxtında almaq, əhali arasıdna Hepatit B xəstəliyinin yayılmasını önləməkdir. 
 
Palçığın əsir aldığı yaşayış məntəqələri...
 
Dağıstandakı sel fəlakətinin özü ilə gətirdiyi problemlərdən biri də palçıq axınıdır. Sel suları özü ilə tonlarla palçıq gətirib ki, bu da xeyli sayda yaşayış məntəqəsində küçələrin palçıqla örtülməsinə səbəb olub. Bütün qüvvələr sel fəlakətinin qarşısını almağa, insanların təxliyyəsinə sərf edildiyi üçün “palçıq istilasına” qarşı mübarizə aparmaq çətinləşib. Qeyd edək ki, “palçıq istilası”nın təhdid etdiyi şəhərlərdən biri də Dərbənddir.
 
Vəziyyəti ağırlaşdıran digər bir məqam isə yaşayış məntəqələrinə doğru “palçıq hücumlarının” davam etməsidir. Mütəxəssislər hesab edir ki, əgər palçıq axınları istiqamətini dəyişməzsə, bu, yaşayış məntəqələri üçün əlavə və kifayət qədər ciddi problemlər yaradacaq.
 
Seymur ƏLİYEV
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər