Türkiyə ABŞ və İsrailin İrana qarşı müharibəsinin tamamilə dayandırılması, həmçinin regionda davamlı sülh və təhlükəsizliyin qorunması üçün effektiv mexanizmlərin hazırlanması istiqamətində diplomatik səylərin davam etdirilməsini dəstəkləyir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bildirib.
İran xarici işlər nazirinin "Telegram" kanalında qeyd olunub ki, Fidan həmçinin Əraqçiyə atəşkəs yolundakı diplomatik səylərinə görə minnətdarlığını bildirib.
Əraqçi, öz növbəsində, İranın regionda təhlükəsizlik və davamlı sabitliyin bərqərar olması məqsədilə regional əməkdaşlığın gücləndirilməsinə sadiqliyini vurğulayıb. İranın xarici işlər naziri Türkiyənin bu istiqamətdəki təşəbbüslərini alqışlayıb.
İranlı nazir türkiyəli həmkarını atəşkəs kontekstində son vəziyyət barədə məlumatlandırıb.
"İran 10 bəndlik İran planının danışıqların əsası kimi qəbul edilməsi barədə razılığa gələrək atəşkəsi müharibənin tamamilə dayandırılması üçün əsas kimi qəbul etməyə razılaşıb. ABŞ tərəfi ciddi yanaşsa, müharibənin tam dayandırılmasına nail olmaq və davamlı sabitliklə təhlükəsizliyin bərqərar edilməsi mümkün olacaq", - Əraqçi qeyd edib.