Qazaxıstan öz hava məkanından Türkiyə hərbi təyyarələrinin keçidinə icazə verəcək
Dünya
296
16:58, Bu gün

Qazaxıstan öz hava məkanından Türkiyə hərbi təyyarələrinin keçidinə icazə verəcək

Qazaxıstan öz hava məkanından Türkiyəyə məxsus hərbi personalın və texnikanın tranzit keçidinə şərait yaradacaq.

Moderator.az orda.kz-ə istinadla xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin plenar iclasında qəbul edilib.

Müdafiə nazirinin müavini Əsgər Mustabekov bildirib ki, Türkiyənin hərbi təyyarələri və yükləri Qazaxıstan səmasından istifadə edə bilər, ancaq bu proses əvvəlcədən razılaşdırılmalıdır:

"Qaydalara əsasən, iki variant nəzərdə tutulur: konkret uçuşa aid birdəfəlik buraxılış və ya illik icazə. Tranzit prosesi birdəfəlik və ya illik icazələr çərçivəsində baş tutur. Hər bir ölkənin verilmiş müraciəti geri çevirmək, təsdiqlənmiş icazəni ləğv etmək və ya müvəqqəti dayandırmaq hüququ var".

Ə.Mustabekov əlavə edib ki, Qazaxıstan tərəfi təhlükəli bildiyi istənilən hərbi tranzit uçuşunu anında dayandıra bilər. İcazənin verilməsindən öncə isə aidiyyəti qurumlar bütün detalları - uçuş aparatının növünü, yükün həcmini, xarakterini və təyyarədəki şəxsi heyətin sayını diqqətlə yoxlayacaqlar:

"Uçuş vasitəsinin növü, yükün təyinatı, çəkisi və hərbçilərin sayı barədə məlumatlar təqdim olunur, dövlət orqanları isə bu tranzitin mövcud tələblərə uyğunluğunu dəyərləndirir".

Bununla yanaşı, millət vəkilləri sənəddə konkret olaraq müəyyənləşdirilmiş müddətlərin yer almamasına da diqqət çəkiblər və sual ünvanlayıblar.

Nazir müavini deyib ki, dövlət ən qısa zamanda cavab verməlidir, ancaq konkret bir tarix tələb olunmur.

Qeyd olunub ki, sözügedən sənəd heç bir əlavə büdcə xərci yaratmır. Əksinə, bu razılaşma Qazaxıstana sülhməramlı missiyalar da daxil olmaqla, beynəlxalq əməliyyatlarda iştirak potensialını artırmağa imkan verəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər