Hörmüz boğazından keçərkən zərbəyə məruz qalan və partlayış baş verən Tailandın "Mayuree Naree" gəmisində itkin düşmüş üç dənizçinin öldüyü məlum olub.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Tailandın xarici işlər naziri Sixasak Pxuanqketkeu brifinqdə çıxışı zamanı məlumat verib.
"Təəssüf ki, axtarış-xilasetmə işlərindən sonra zədələnmiş gəminin üç ekipaj üzvünün həlak olduğu üzə çıxıb. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm", - deyə o bildirib.
Xatırladaq ki, Tailand Dənizçilik Departamenti daha əvvəllər martın 11-də Hörmüz boğazından keçərkən "Mayuree Naree" gəmisinin arxa hissəsində partlayış barədə məlumat vermişdi. Gəmidə olan 23 ekipaj üzvündən 20-si xilas edilərək Omanın Xasab limanına aparılmış və daha sonra onlar təhlükəsiz şəkildə evlərinə qayıtmışdılar. Üç dənizçi isə itkin düşmüş hesab edilmişdi.