İspaniya XİN rəhbəri:
Dünya
187
16:30, Bu gün

İspaniya XİN rəhbəri: "Bəşəriyyət olaraq böyük bir fəlakətin astanasında idik"

"Vaşinqton və Tehran arasında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İran ətrafındakı münaqişənin tamamilə başa çatdığını söyləmək üçün hələ tezdir".

Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares RNE radiostansiyasına müsahibə verib. Diplomat Avropa İttifaqından daha çevik və qətiyyətli reaksiya gözlədiklərini bildirib.

O, hər kəsin bu günü bir ümid kimi qəbul edəcəyinə inandığını qeyd edib. "Bəşəriyyət olaraq böyük bir fəlakətin astanasında idik", - deyə Albares əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2026-cı il aprelin 8-də, Tehrana verdiyi ultimatumun bitməsinə bir neçə saat qalmış, Vaşinqtonun ikihəftəlik atəşkəsə razılıq verdiyini bəyan edib. Ağ Ev lideri "Truth Social" şəbəkəsində yazıb ki, o, Pakistan rəhbərliyinin xahişi və Tehranın Hörmüz boğazını tamamilə açması şərti ilə bu barışığı qəbul edib. Tramp, həmçinin qeyd edib ki, ABŞ İrandan gələcək sülh müqaviləsinin əsasını təşkil edə biləcək on tələb alıb.

Qeyd edək ki, ABŞ prezidentinin Tehranla razılaşma üçün müəyyən etdiyi son möhlət aprelin 8-də Bakı vaxtı ilə saat 04:00-da başa çatırdı. Tramp bu müddət bitdikdən sonra İrana "cəhənnəm yaşatmaqla" və onu "daş dövrünə" qaytarmaqla hədələmiş, ölkənin elektrik stansiyalarına, enerji infrastrukturuna və körpülərinə zərbələr endirəcəyinə söz vermişdi. Buna cavab olaraq Tehran xəbərdarlıq etmişdi ki, İranın cavab zərbələri nəticəsində Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün region tam qaranlığa qərq olacaq. İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəslə bağlı razılığını təsdiqləyib. Bu barədə bəyanatı İranın xarici işlər naziri Abbas Əraqçı yayımlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər