İsrailin və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar dayandırılıb. Bu haqda İsrail və ABŞ mediası məlumat yayıb.
Moderator.az bildirir ki, Pakistan baş naziri Şahbaz Şərif də özünün “X” sosial şəbəkə hesabında atəşkəs razılığının əldə edildiyini bildirib.
Şərifin sözlərinə görə, İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər. Atəşkəsin iki həftə qüvvədə olacağı deyilir. O, ABŞ, İsrail və İran nümayəndələrini aprelin 10-da danışıqlar üçün İslamabada dəvət etdiyini açıqlayıb.
Ş.Şərif qeyd edib ki, “İslamabad Danışıqları” davamlı sülhə nail olmaqda uğur qazanacaq.
İranın Ali Rəhbəri Müctəba Xamenei də ABŞ və İsraillə atəşkəsi qəbul edib.
Bu barədə “The New York Times” məlumat yayıb.
“İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei Çinin gərgin diplomatiyası və son anda təzyiqindən sonra Pakistanın 2 həftəlik atəşkəs təklifini təsdiqləyib” – məlumatda deyilir.
ABŞ və İran arasında Pakistanın paytaxtı İslamabadda keçiriləcək danışıqlarda ABŞ tərəfindən vitse-prezident Ceyms Devid Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin iştirakı gözlənilir. APA-nın məlumatına görə, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
İran Ali Milli Təhlükəsizlik Şurası ölkə xalqına müraciət edərək rəsmən qələbə elan edib. Bəyanatda bildirilir ki, İran övladlarının fədakarlığı sayəsində düşmən bir aydan artıqdır ki, İranın və Müqavimət qüvvələrinin sarsıdıcı atəşini dayandırmaq üçün yalvarır. Ölkə rəhbərliyi isə düşmənin tam peşmançılığına və uzunmüddətli təhdidlərin aradan qaldırılmasına qədər bu xahişləri rədd edib. 40 gün davam edən qarşıdurma nəticəsində İranın bütün hərbi hədəflərinə çatdığı və ABŞ prezidentinin ultimatumlarının boşa çıxdığı vurğulanır.
İran tərəfi bildirir ki, müharibə yalnız 10 aprel danışıqlarında 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacaq.
İlkin dəyərləndirmələrdə atəşkəs razılığı İranın indiki mərhələdə qələbəsi kimi təqdim olunur. Artıq İranda xalq qələbəni bayram edir. İnsanlar küçələrə axışıb. Bu razılaşmanın Tehranın üstün mövqeyi kimi təqdim edən bəzi ekspertlərin rəyinə görə, Hörmüz boğazına nəzarət İranda qalacaq. Hətta sanksiyaların ləğv ediləcəyi də bildirilir.