İran Qətər və digər region ölkələri ilə dostluq əlaqələrini qorumağa çalışır, lakin ABŞ ilə İsrailin bazaları yerləşən ərazilərə hücum etməli olur.
Moderator.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə telefon danışığında deyib.
"Qətər də daxil olmaqla, region ölkələri ilə dostluq əlaqələrinin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk, amma İrana zərbələr üçün ABŞ və İsrailin bu ölkələrdəki bazalardan istifadə etməsi Tehranın da hücum etməsinə səbəb olub", - Əraqçi bildirib və region ölkələrinin kollektiv, daxili sülh və təhlükəsizlik istiqamətində hərəkət edəcəyinə ümid etdiyini vurğulayıb.
Onun sözlərinə görə, ABŞ ilə İsrailin məktəb, universitet, xəstəxana, sənaye və istehsal infrastrukturu, nüvə obyektlərinə edilən hücumlar beynəlxalq instansiyalarda mühakimə olunmalı və cəzalandırılmalıdır.
Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani müharibənin dərhal dayandırılması və regionda sabitlik, təhlükəsizliyin bərpasının zəruriliyini vurğulayıb.
Söhbət zamanı İran-Qətər ikitərəfli münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb.