Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda 2024-cü il avqustun 21-də yoxa çıxan və 19 gün sonra, 2024-cü il sentyabrın 8-də Eğertutmaz çay dərəsində cansız bədəni tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Narin Güranın qətli ilə bağlı təqsirli bilinərək 4 il 6 ay həbs cəzasına məhkum edilən Nevzat Bahtiyar yenidən hakim qarşısına çıxıb.
Nevzat Bahtiyar ifadəsində bildirib ki, qızcığazın əmisi Salim Güran ondan cəsədi hissələrə ayıraraq yox etməsini istəyib.
"Hadisə baş verdiyi gün səhər saat 6:30-da Çarıklıya getdim və günorta saatlarında evə gəldim. Həyat yoldaşım suyumuzun kəsildiyini dedi, ona görə də Salim Gürana zəng etdim. Saat 3 radələri idi, sadəcə su haqqında danışdıq. Daha sonra Salim Güran məni çağırdı. Yuxarı qalxdığım zaman cəsədi gördüm. Mənə dedi ki, bu cəsədi aparacaqsan. Qəbul etmədim, silah çəkdi, məni və oğlumu təhdid etdi. Məcbur qalıb cəsədi apardım", - deyə o bildirib.
"Salim Güran, həmçinin məndən cəsədi parça-parça bölüb yox etməyimi istədi. Mən bunu etmədim. Əgər etmiş olsaydım, o cəsəd tapılmazdı və mən də burada mühakimə olunmazdım", - deyə o əlavə edib.