ABŞ-də Çinə bağlılığı ehtimal edilən qeyri-qanuni biolaboratoriyaların aşkarlanması təhlükəsizlik ekspertlərinin ciddi narahatlığına səbəb olub.
Moderator.az məlumat verir ki, bu mövzu barədə "Daily Mail" nəşri məqalə dərc edib.
Xəbərlərə əsasən, Las Veqas şəhərində hüquq-mühafizə orqanları kirayəşinlərin qəflətən xəstələnməsi şikayətləri əsasında yaşayış binasında əməliyyat keçirib. Mənzilin daxilində odlu silahlar, xüsusi laboratoriya ləvazimatları və yüzlərlə maye nümunələri tapılıb. Minə yaxın nümunə ekspertizaya yönləndirilib, binaya nəzarət edən şəxs isə saxlanılıb. Təqsirləndirilən şəxs özünü günahkar bilmədiyini vurğulayıb.
Aparılan araşdırmalar nəticəsində, bu hadisənin daha öncə Kaliforniya ştatında içərisində təhlükəli viruslar və biomateriallar olan qabların aşkarlandığı gizli laboratoriyaya görə həbs edilən Çin vətəndaşı ilə bağlılığı ehtimal edilib.
Mütəxəssislərin fikrincə, qanunvericilikdəki boşluqlar səbəbindən belə obyektlər uzun müddət nəzarətdən kənarda fəaliyyət göstərə bilir. Ekspertlər eyni zamanda xəbərdarlıq edirlər ki, müasir texnoloji inkişaf fonunda bu qəbildən olan laboratoriyalar cinayət xarakterli məqsədlər, o cümlədən bioterrorizm üçün tətbiq oluna bilər.