İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə baş tutan telefon danışığında müzakirə olunan məsələləri açıqlayıb.
Moderator.az xəbər verir ki, o bu barədə özünün "Telegram" kanalında yazıb.
Bildirilib ki, şənbə gecəsi telefon danışığı zamanı ən son regional proseslər və ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb.
Pakistanın xarici işlər naziri İrana qarşı hərbi təcavüzün dayandırılması və regionda sülh, sabitliyin bərpası üçün ölkəsinin xoşməramlı diplomatik səylərini izah edib və bu məqsədə çatmaq üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Əraqçi Pakistanın xoşməramlı səylərini təqdir etməklə yanaşı, son 35 gün ərzində ABŞ və İsrailin İranın istehsalat və sənaye infrastrukturlarına, dinc və təminat altındakı nüvə obyektlərinə, xəstəxanalara, məktəblərə, universitetlərə və yaşayış məntəqələrinə hücumları barədə məlumat verib.
"İran bütün imkanlardan istifadə etməklə ölkənin milli suverenliyi və ərazi bütövlüyünü müdafiə edəcək" – Əraqçi bildirib.