Dünya
695
03 Apr 2026 | 22:00

"İranın artıq qalibdir": Zərif ABŞ-la böyük razılaşma təklif edir" - "Foreign Affairs"

"Keçmiş diplomat 47 illik qarşıdurmaya son qoyacaq beş maddəlik strategiyanı açıqlayıb..."

Tehran hazırkı qarşıdurmada artıq "dayanıqlığını sübut edib" və bu mərhələdə özünü qalib kimi təqdim edərək danışıqlara güclü mövqedən başlaya bilər.

Moderator.az xəbər verir ki, bu barədə İranın sabiq XİN rəhbəri Məhəmməd Cavad Zərif "Foreign Affairs" nəşrində dərc olunan məqaləsində yazıb.

Keçmiş nazir hesab edir ki, sadə və kövrək atəşkəs yox, ABŞ və İsraillə "böyük razılaşma" təklif olunmalıdır. Onun fikrincə, bu, 1979-cu ildən bəri davam edən düşmənçiliyə birdəfəlik son qoymaq üçün nadir fürsətdir. Zərif vurğulayır ki, Vaşinqton artıq iki "təhrik olunmamış müharibə" ilə əldə edə bilmədiyini indi diplomatik yolla qəbul etməyə məcbur qala bilər.

Beş maddəlik plan: nüvə, təhlükəsizlik və iqtisadiyyat

Zərifin planı konkret və geniş çərçivəni əhatə edir:

- Dərhal qarşılıqlı atəşkəs və Hörmüz boğazı üzərindən təhlükəsiz ticarət. Əvəzində ABŞ İran neftinə qarşı sanksiyaları ləğv edir.

- İran nüvə silahı yaratmamaq öhdəliyi götürür, uranın zənginləşdirilməsini 3,67 faizə endirir və MAQATE nəzarətini gücləndirir. Bunun müqabilində sanksiyalar tam ləğv olunur.

- Regionda İran, ABŞ, Rusiya, Çin və Körfəz ölkələrinin iştirakı ilə ortaq uran zənginləşdirmə mərkəzi yaradılır.

- İran və ABŞ arasında qarşılıqlı hücum etməmə paktı və geniş regional təhlükəsizlik sistemi formalaşdırılır.

- Müharibədən sonrakı bərpa və iqtisadi əməkdaşlıq: enerji, ticarət və texnologiya layihələri, həmçinin mülki zərərçəkənlər üçün kompensasiyalar.

Zərif əlavə edir ki, bu model həm nüvə narahatlıqlarını aradan qaldıra, həm də Yaxın Şərqdə uzunmüddətli sabitlik yarada bilər.

Siyasi mesajlar və Vaşinqtona sərt siqnallar

Zərif hazırda rəsmi vəzifə tutmasa da, onun təsirinin böyük olduğu vurğulanır və belə bir planın Tehranın yüksək dairələri ilə razılaşdırılmadan dərc olunmasının mümkün olmadığı bildirilir.

Eyni zamanda o, ABŞ daxilində bəzi fiqurları da sərt tənqid edib. Xüsusilə Stiv Uitkoff və Cared Kuşner barədə "geosiyasət və nüvə texnologiyası məsələlərində tam savadsızdırlar" ifadəsini işlədib.

Planın gələcəyi isə əsasən Donald Tramp administrasiyasının reaksiyasından asılıdır. Vaşinqton indiyədək sərt xətt tutur və İranın ümumiyyətlə uranı zənginləşdirmə hüququndan məhrum edilməsini tələb edirdi.

Buna baxmayaraq, Zərifin təşəbbüsü göstərir ki, tərəflər arasında illərlə davam edən qarşıdurmaya baxmayaraq, pərdə arxasında böyük siyasi sövdələşmə ehtimalı hələ də gündəmdə qalır.

Link kopyalandı!
Son xəbərlər