"İdeologiyaların toqquşması və tarix uğrunda savaş..."
Amerikalı politoloq, professor Ramiz Yunus yazır ki, bu gün Rusiya ilə Ukrayna arasında baş verənlər nə sərhəd mübahisəsidir, nə də sadəcə maraqlar toqquşması. Bu, mənalar uğrunda müharibədir - tarixə yanaşmaların, kimliyin və xalqların öz taleyini müəyyən etmək hüququnun toqquşmasıdır.
Moderator.az xəbər verir ki, bu barədə o, "gordonua.com" nəşrində yazıb.
Müharibənin mahiyyəti - torpaq yox, kimlik uğrunda savaş
Müəllif yazır ki, burada iki fərqli dünyagörüşü üz-üzə dayanır: imperiya modeli - mərkəzin (Rusiyanın) periferiyanın taleyini müəyyən etdiyi sistem və milli model - Ukraynanın öz tarixini, dilini və gələcəyini özü seçmək istəyi. Bu səbəbdən də söhbət torpaqdan getmir, alternativ siyasi və tarixi reallığın məhv edilməsindən gedir.
Sovet İttifaqı formal olaraq yeni ideologiya təqdim etsə də, əslində imperiyanın mahiyyətini qoruyub saxladı. Ritorika dəyişdi, "bərabərlik" və "beynəlmiləlçi" şüarları səsləndi, amma idarəetmənin mahiyyəti dəyişmədi - yenə mərkəz qərar verirdi, digərləri isə tabe olurdu.
Tarixin yenidən yazılması və imperiya məntiqi
1917-1920-ci illərdə müstəqillik əldə etməyə çalışan xalqlar Qırmızı Ordu tərəfindən zorla geri qaytarıldı. Beləliklə, əsas prinsip formalaşdı: "öz müqəddəratını təyin etmə hüququ" yalnız Kremlin maraqlarına zidd olmadığı müddətdə keçərlidir.
Bu yanaşmanın ən açıq nümunələrindən biri Molotov-Ribbentrop Paktı oldu.
Bu sənəd təkcə SSRİ ilə Almaniya arasında müharibəni təxirə salmadı, həm də Şərqi Avropanı gizli şəkildə təsir zonalarına böldü. Baltik ölkələri, Polşanın bir hissəsi, Bessarabiya və Ukraynanın qərb torpaqları bu razılaşmanın qurbanına çevrildi.
Sonradan bu işğallar sovet tarixşünaslığında XX əsrin ən böyük anlayış manipulyasiyalarından biri - "azadlıq" kimi təqdim edildi.
XX əsrin paradoksu isə ondan ibarət idi ki, iki totalitar sistem əvvəlcə Avropanı bölüşdü, sonra isə İkinci Dünya müharibəsi çərçivəsində ölüm-dirim savaşına girişdi. Faşizm üzərində qələbə belə imperiya yanaşmasını dəyişmədi, əksinə onu legitimləşdirdi. Moskvanın nəzarəti "mənəvi hüquq" kimi təqdim edildi, etiraz isə cinayət sayıldı.
Ukrayna məsələsi və qaçılmaz toqquşma
1991-ci ildən sonra Baltik ölkələri keçmişə yenidən baxmağa başladı və həm nasist, həm də sovet işğalını açıq şəkildə pislədi. Bu, nankorluq yox, tarixi subyektliyə qayıdış idi. Lakin bu yanaşma Rusiyanın rəsmi narrativi ilə ziddiyyət təşkil etdi. Baltik ölkələri Qərbin dəstəyi ilə bu orbitdən çıxa bildi.
Amma Ukrayna fərqli vəziyyətdə idi: Rusiya üçün həddindən artıq yaxın, strateji və simvolik əhəmiyyətə malik idi. Buna görə də Moskva onun müstəqil yol seçimini öz kimliyinin itkisi kimi qəbul etdi. Bu kontekstdə Simon Petlyura və Stepan Bandera kimi fiqurlar keçmişin deyil, Ukraynanın öz tarixini yazmaq hüququnun rəmzi kimi bu günün simvollarına çevrildi.
Ukrayna öz yolunu daha qətiyyətlə seçdikcə, Rusiya ilə toqquşma qaçılmaz oldu. Son illərin hadisələri göstərdi ki, bu, sadəcə böhran deyil, iki fərqli tarixi layihənin toqquşmasıdır. Bu nöqtədə siyasi alətlər işə yaramayanda, güc tətbiqinə keçildi. Ukrayna şəhərlərinin dağıdılması, infrastrukturun məhv edilməsi və mədəni obyektlərin hədəfə alınması bir məqsədə xidmət edir: nəzarət mümkün deyilsə, müqaviməti mümkünsüz edəcək səviyyədə dağıtmaq.
Bu müharibənin qəddarlığı da məhz buradan qaynaqlanır. Məqsəd təkcə Ukraynanı deyil, bütün postsovet məkanını qorxutmaq - imperiyadan çıxışın "cəzasız" olmayacağını göstərməkdir. Zərbələr yalnız şəhərlərə yox, yaddaşa, dilə və mədəniyyətə də yönəlib. Çünki dövlət zorla dağıdıla bilər, amma xalqı tam tabe etdirmək üçün onun yaddaşını əlindən almaq lazımdır.
Bu məqamda bütün bəhanələr bitir. Rusiya imperiya ənənəsində "buraxmaq" anlayışı yoxdur - yalnız tabe etdirmək və ya məhv etmək var. Əgər onun hakimiyyəti rədd edilirsə, o zaman qarşısına çıxan hər şeyi dağıtmağa başlayır. Bu, təsadüf deyil, sistemdir. Çex yazıçısı Milan Kundera demişkən: "Bir xalqı məhv etmək üçün onun yaddaşını əlindən almaq kifayətdir".