ABŞ-nin tərəfdaşları Hörmüz boğazında gəmilərin hərəkətinin Vaşinqtonun iştirakı olmadan yenidən bərpa edilməsi yollarını nəzərdən keçirirlər.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bununla bağlı aprelin 2-də Böyük Britaniyanın təşkilatçılığı ilə 40-dan çox dövlətin (Avropa, Asiya, Yaxın Şərq ölkələri, eləcə də Kanada və Avstraliya) nümayəndəsinin iştirakı ilə onlayn formatda iclas baş tutub.
Bildirilir ki, bir sıra dövlətlər ABŞ və İran arasındakı ehtimal olunan sülh danışıqları çərçivəsində qlobal neft və maye qaz nəqli üçün əsas tranzit nöqtələrindən sayılan Hörmüz boğazı probleminin mütləq həllini tapmalı olduğunu düşünürlər. Bununla yanaşı ABŞ lideri Donald Trampın boğazla bağlı xüsusi bir strategiya irəli sürmədən İrana qarşı hərbi addımları zəiflədə biləcəyi ehtimalı koalisiyanı narahat edir. Bu səbəbdən müttəfiqlər problemin Vaşinqtonun müdaxiləsi olmadan həlli ssenariləri üzərində işləməyə başlayıblar.
Media orqanlarının yaydığı məlumatlara görə, görüşdə Tehranla diplomatik təmasların qurulması və İranın qlobal neft-qaz təchizatının mühüm hissəsini təşkil edən Hörmüz boğazını açmaqdan imtina edəcəyi halda ona tətbiq ediləcək iqtisadi sanksiya tədbirləri dəyərləndirilib. Həmçinin, naviqasiya sərbəstliyinin təmin olunması prosesində Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirakı və Fars körfəzindəki müttəfiqlərlə birgə fəaliyyətin koordinasiyası məsələlərinə də toxunulub.
Görüşdən bir gün öncə D.Tramp təchizatı bu su yolundan asılı olan dövlətləri boğazın fəaliyyətini və dəniz hərəkətinin təhlükəsizliyini qorumağa dəvət etmişdi. O, Amerikanın həmin marşruta ehtiyacı olmadığını və münaqişə başa çatdıqdan sonra keçidin avtomatik olaraq açılacağına inandığını diqqətə çatdırmışdı.
Bundan əvvəl "The Wall Street Journal" nəşri hökumət rəsmilərinə əsaslanaraq yazmışdı ki, Tramp bölgədəki hərbi əməliyyatları yekunlaşdırmaq istəyir. Çünki boğazı zorla açmağa çalışmaq münaqişənin nəzərdə tutulan 4-6 həftəlik müddətini daha da uzada bilər. Bu isə həm gəmiçiliyə məhdudiyyətlərin qalması, həm də İranın bölgədəki nüfuzunun saxlanması deməkdir. ABŞ rəhbəri tranzit yolunun bərpası üçün məsuliyyətin digər dövlətlərin üzərinə düşdüyünü daha öncə də bəyan etmişdi.
Qeyd edək ki, mart ayının ortalarında aralarında Yaponiya, Fransa və Böyük Britaniyanın da olduğu 30-dan artıq dövlət Hörmüz boğazı vasitəsilə təhlükəsiz hərəkətin bərpa edilməsi üçün prosesə dəstək verməyə hazır olduqlarını bəyan etmişdilər.