"Araşdırmalar göstərir ki, bəşəriyyət artıq planetin imkanlarını aşır..."
Flinders Universiteti alimlərinin rəhbərlik etdiyi beynəlxalq araşdırmaya görə, Yer kürəsi artıq bəşəriyyətin mövcud istehlak səviyyəsini davamlı şəkildə təmin etmək qabiliyyətini aşıb.
Moderator.az xəbər verir ki, bu barədə "science.mail.ru" nəşri yazıb.
"Yer artıq bu qədər insanı daşıya bilmir"
"Environmental Research Letters" jurnalında dərc olunan nəticələr göstərir ki, planetin real "dayanıqlı" əhali limiti hazırkı göstəricidən təxminən üç dəfə azdır. Tədqiqatın müəllifi, professor Kori Bredşou bildirib ki, "Yer bizim resurslardan istifadə tempimizə çatdıra bilmir və artıq ciddi təzyiq altındadır". Onun sözlərinə görə, bəşəriyyət faktiki olaraq planetin imkanlarından kənarda yaşayır.
Kritik hədd: 2070-ci illərdə pik gözlənilir
Hazırda dünya əhalisi təxminən 8,3 milyard nəfərdir. Lakin mövcud meyllər davam edərsə, bu rəqəm 2060-2070-ci illərdə 11,7-12,4 milyard aralığına çata bilər. Alimlər qeyd edir ki, bu artım təhlükəli hədd hesab olunur və əsasən təbii resursların həddindən artıq istismarı, xüsusilə də fosil yanacaqlardan asılılıq hesabına mümkün olur.
Araşdırma göstərir ki, əslində Yer kürəsinin ekoloji balansı pozulmadan rahat şəkildə təmin edə biləcəyi əhali sayı təxminən 2,5 milyard nəfərdir. Bu isə hazırkı göstərici ilə müqayisədə kəskin fərq deməkdir və qlobal miqyasda "həddindən artıq istehlak" problemini ortaya qoyur.
Gələcək risklər və çıxış yolu
Tədqiqatçılar əhali artımı ilə qlobal istiləşmə, karbon emissiyaları və ekoloji iz arasında birbaşa əlaqə müəyyən ediblər. Onların fikrincə, mövcud model dəyişməzsə, gələcəkdə milyardlarla insan resurs çatışmazlığı, ərzaq böhranı və sosial qeyri-sabitliklə üzləşə bilər.
Professor Bredşou xəbərdarlıq edir: "İndiki inkişaf yolu bizi daha dərin böhranlara aparır". Alimlər hökumətləri enerji, su və torpaq resurslarının istifadəsinə yenidən baxmağa, istehlakı azaltmağa və uzunmüddətli planlaşdırmaya keçməyə çağırır.
Ümumilikdə isə yaxın onilliklərdə veriləcək qərarların bəşəriyyətin gələcəyini müəyyən edəcəyi vurğulanır - ya planetin imkanlarına uyğunlaşmaq, ya da daha ciddi qlobal böhranlarla üzləşmək.