"Ağ Ev qələbədən danışır, İran isə gizli arsenalını önə çəkir..."
Donald Tramp 2 aprel gecəsi xalqa müraciətində bildirib ki, İrana qarşı hərbi əməliyyatlar artıq son mərhələyə daxil olub və yaxın həftələrdə yekunlaşa bilər.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
"Müharibə bitmək üzrədir, hədəflərə çatırıq"
Trampın sözlərinə görə, ABŞ ordusu qısa müddətdə "sürətli və qətiyyətli qələbələr" əldə edib və qarşıya qoyulan əsas hərbi məqsədlər demək olar ki, yerinə yetirilib. Tramp qeyd edib ki, İranın dəniz və hava qüvvələri ciddi şəkildə zəiflədilib, ballistik raket və nüvə proqramına ağır zərbələr endirilib.
O vurğulayıb ki, əməliyyatlar hələ tam bitməyib və növbəti iki-üç həftə ərzində daha güclü hücumlar həyata keçiriləcək: "Biz işi tamamlayacağıq və bunu çox tez edəcəyik". Prezident çıxışında daha sərt ritorikaya keçərək bildirib: "Biz onlara son dərəcə güclü zərbələr endirəcəyik və onları daş dövrünə qaytaracağıq".
O əlavə edib ki, ABŞ regionda qalmaq məcburiyyətində deyil və Yaxın Şərq neftinə ehtiyacı yoxdur, lakin müttəfiqlərini qorumaq üçün fəaliyyət göstərir. Tramp həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını almağın ABŞ üçün prinsipial məsələ olduğunu deyib və Tehranı uzun illərdir terroru dəstəkləməkdə ittiham edib. Onun sözlərinə görə, "ən təhlükəli rejimin nüvə silahına sahib olması bütün dünya üçün qəbuledilməzdir".
Bununla yanaşı, Hörmüz boğazı məsələsinə toxunan Tramp bildirib ki, bu marşrutdan istifadə edən ölkələr onun təhlükəsizliyinə daha çox məsuliyyət daşımalıdır: "Onlar bu yolu qorumalı və istifadə etməlidirlər, biz kömək edəcəyik, amma liderlik onlarda olmalıdır".
İran cavab verir: "Gizli arsenalımız var"
Trampın "qələbə" açıqlamalarına cavab olaraq Tehran fərqli mövqe ortaya qoyub. İran Silahlı Qüvvələrinin nümayəndəsi İbrahim Zülfüqari bildirib ki, ABŞ və İsrailin vurduğu hədəflər əslində strateji baxımdan həlledici deyil.
Onun sözlərinə görə, İranın əsas hərbi istehsalı və silah ehtiyatları gizli məkanlarda saxlanılır və bu obyektlərə çatmaq mümkün deyil. Bu açıqlama ilə Tehran göstərmək istəyir ki, son zərbələrə baxmayaraq, ölkənin hərbi potensialı tam məhv edilməyib.
Planlar, risklər və qeyri-müəyyənlik
Eyni zamanda ABŞ-ın İranda yüksək zənginləşdirilmiş uranı ələ keçirməklə bağlı riskli plan üzərində işlədiyi bildirilir. Məlumata görə, bu əməliyyat yüzlərlə hərbçi və ağır texnika tələb edən mürəkkəb missiya ola bilər. Ekspertlər qeyd edir ki, regionda gərginlik daha da arta bilər. İranın cavab addımları, o cümlədən Hörmüz boğazının bağlanması ehtimalı qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.