Moskva sakini diş həkiminin müalicəsindən bir müddət sonra ciddi ürək xəstəliyi ilə üzləşib.
Moderator.az xəbər verir ki, bu barədə"112" "Telegram" kanalı məlumat paylaşıb.
Qeyd edilib ki, pasiyent 2024-cü ilin dekabrında Rusiya paytaxtdakı stomatoloji klinikalardan birinə gedib və həkimlər ona diş implantasiyası məsləhət görüblər. Cərrahi müdaxilə üçün tələb olunan bütün ləvazimatlar birbaşa xəstənin yanında qablaşdırmadan çıxarılıb.
İmplant əməliyyatından doqquz ay keçdikdən sonra həmin şəxs ürəyini ultrasəs müayinəsindən (USM) keçirib. Yoxlama nəticəsində ürəkdə deşik açan bakteriya çoxluğu müəyyən edilib.
"Kardioloqun qənaətinə görə, zərərli mikroorqanizmlərin ürək nahiyəsində əmələ gəlməsinin əsas səbəbi keyfiyyətsiz implantın tətbiqidir", - deyə mənbə qeyd edir:
"Xəstə dərhal stasionara qəbul edilib və müvafiq tibbi proseduralardan keçirilib. Zərərçəkənin bildirdiyinə görə, o, indi də bəzən halsızlıq və sürətli ürək döyüntüsündən əziyyət çəkir. Tam bərpa prosesinin bir ildən çox çəkəcəyi proqnozlaşdırılır.
Sözügedən klinika əməliyyatı icra edən cərrahın vəzifəsindən kənarlaşdırıldığını bildirib. Zərərçəkmiş vətəndaş isə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşır".