Bir sıra Avropa ölkələri birgə bəyanatla Livanda döyüş əməliyyatlarını dayandırmağa çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə Belçikanın Baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevo "X" sosial şəbəkəsində bildirib.
"Xorvatiya, Estoniya, Finlandiya, İslandiya, İtaliya, İrlandiya, Latviya, Lüksemburq, Moldova, Norveç, Polşa, San-Marino, İspaniya və İsveçdən olan həmkarlarımla birgə biz aydın mesajı olan birgə bəyanat yayımlayırıq: "Hizbullah" bütün düşmənçilik əməllərini dayandırmalı və tərk-silah olmalıdır. İsrail Livanın suverenliyinə hörmət etməlidir. Hər iki tərəfdən hərbi əməliyyatlar dayandırılmalıdır", - o yazıb.
Prevo qeyd edib ki, Livan humanitar böhranın astanasındadır. Onun sözlərinə görə, 1,2 milyon insan məcburi köçkünə çevrilib, uşaqlar, humanitar təşkilatların əməkdaşları və jurnalistlər də daxil olmaqla mindən çox insan ölüb.
"Növbəti həftə mən Beyruta şəxsən səfər etməyi planlaşdırıram, çünki Livana yalnız bəyanatlar lazım deyil. Onun iştiraka, dəstəyə və bizim üz çevirməyəcəyimizə dair aydın siqnala ehtiyacı var", - o əlavə edib.