Yaxın Şərqdəki gərginlik nəticəsində təyyarə yanacağının qiyməti kəskin şəkildə bahalaşıb. Bu səbəbdən qlobal miqyasda reyslərin kütləvi ləğvi müşahidə olunur.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" informasiya yayıb.
Xəbərlərə əsasən, qrafik üzrə reyslərin təqribən 7%-i (7 mindən artıq uçuş) təxirə salınıb. Ötən ilin eyni dövründə bu rəqəm 4.7% təşkil edirdi. Şimali Amerika qitəsində isə ləğvedilmə göstəricisi 14.6% həddinə yüksəlib.
Hazırda aviasiya yanacağının bir tonunun qiyməti 742 dollardan 1710 dollara qədər bahalaşıb. Paralel olaraq, "Brent" markalı neftin bir barelinin dəyəri 116 dollara çatıb.
Media orqanlarının verdiyi xəbərə görə, qlobal neft tədarükünün təqribən 20 faizinin marşrutu olan Hörmüz boğazında daşımaların məhdudlaşması vəziyyəti daha da mürəkkəbləşdirir. Məqalədə vurğulanır ki, sadalanan amillər səbəbindən son həftələrdə təyyarə biletlərinə tələbat azalsa da, qiymətlər 15-20% civarında artıb.