Çin və Pakistan Fars körfəzi və Yaxın Şərq regionlarında sülh və sabitliyin bərpasına yönəlmiş beş bəndlik birgə təşəbbüs təqdim ediblər.
Moderator.az Pakistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, müvafiq təklifləri Çinin xarici işlər naziri Van İ və Pakistanın baş nazirinin müavini, XİN rəhbəri İshaq Dar Pekindəki görüşünün yekunlarına əsasən səsləndiriblər.
Tərəflər bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar.
Həmçinin Çin və Pakistan sülh danışıqlarının tezliklə başlanmasına tərəfdar çıxış edərək, İran da daxil olmaqla, region dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə riayət olunmasının vacibliyini qeyd ediblər. Dialoq və diplomatiyanın münaqişələrin həllinin yeganə səmərəli yolu olduğu vurğulanıb.
Təşəbbüsdə mülki əhalinin və qeyri-hərbi obyektlərin qorunmasına xüsusi diqqət yetirilib. Tərəflər dinc sakinlərə və mühüm infrastruktura, o cümlədən enerji və nüvə obyektlərinə hücumları dayandırmağa, eləcə də beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırıblar.
Bundan əlavə, Çin və Pakistan gəmiçiliyin, xüsusilə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, gəmilərin və onların heyətlərinin qorunmasına və normal hərəkətin tezliklə bərpa edilməsinə çağırıblar.
Sonda tərəflər BMT-nin rolunun gücləndirilməsinin və təşkilatın Nizamnaməsinin prinsiplərinə riayət olunmasının tərəfdarı olduqlarını bildirərək, beynəlxalq hüquq əsasında hərtərəfli sülh sazişinin işlənib hazırlanmasının zəruriliyini qeyd ediblər.