Niderland seçkilərlə əlaqədar Ermənistana dəstəyini ifadə edib
Dünya
249
30 Mar 2026 | 23:56

Niderland seçkilərlə əlaqədar Ermənistana dəstəyini ifadə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın niderlandlı həmkarı Tom Berendsenlə telefon danışığı olub.

Moderator.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Mirzoyan İrəvanın Amsterdamla tərəfdaşlıq münasibətlərinin inkişafına can atdığını vurğulayıb.

Nazirlər iki ölkənin strateji tərəfdaşlıq gündəliyinin zənginləşdirilməsinə yönəlmiş işləri müzakirə ediblər, həmçinin müxtəlif formatlarda, o cümlədən Ermənistan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığın dərinləşdirilməsi üzrə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Onlar həmçinin qarşıdan gələn yüksək səviyyəli səfərlər və tədbirlər, o cümlədən Avropa Siyasi Birliyinin sammiti və "İrəvan dialoqu" diplomatik forumu mövzusuna toxunublar.

Mirzoyan və Berendsen demokratik inkişaf sahəsindəki problemlər və onların səmərəli həlli üçün əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Öz növbəsində Niderlandın XİN rəhbəri qeyd edib ki, Ermənistanda qarşıdan gələn parlament seçkilərinin gedişinə xarici müdaxilə ilə bağlı narahatlıqlar artır. "Mən qeyd etdim ki, Niderland BMTİP (BMT-nin İnkişaf Proqramı) vasitəsilə azad, ədalətli və təhlükəsiz seçkilərin təmin edilməsinə öz töhfəsini verməyə davam edəcək", - Berendsen görüşün yekunlarına əsasən "X" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 7 iyun 2026-cı il tarixinə təyin edilib.

Link kopyalandı!
Son xəbərlər