Dünya
228
20:35, Bu gün

"ABŞ ən vacib silahını itirir" - "Bloomberg"

"Vaşinqton üçün əsas təhlükə raket çatışmazlığı deyil, etimad böhranıdır..."

ABŞ-İran qarşıdurmasında diqqət raket ehtiyatlarına yönəlsə də, əsas problem daha dərindir.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Etimadın tükənməsi fonunda müharibə

Şərhçi Maks Hestinqs hesab edir ki, Vaşinqtonun ən böyük itkisi hərbi arsenal deyil, dünyada ona olan inamın azalmasıdır. Məlumatlara görə, İranın raket ehtiyatı 5 min vahiddən təxminən minə qədər azalıb. ABŞ və müttəfiqləri isə artıq əvvəlki kimi kütləvi zərbələr əvəzinə, hər təhlükəyə qarşı bir-iki "Patriot" raketi ilə cavab verir ki, bu da hər iki tərəfin resurs çətinliyi yaşadığını göstərir.

"Həqiqət" uğrunda mübarizə

Hestinqs yazır ki, Donald Tramp təkcə hərbi resursları deyil, dünyanın onun sözlərinə olan inamını da tükəndirir. ABŞ-ın İranla danışıqlar apardığı iddiaları Tehran tərəfindən inkar olunur və bu, qlobal səviyyədə ciddi qeyri-müəyyənlik yaradır.

Onun fikrincə, müharibədə bütün həqiqətləri açıqlamaq mümkün olmasa da, inandırıcılıq həyati əhəmiyyət daşıyır. Lakin Avropadakı müttəfiqlərin əksəriyyəti İranın "qaçılmaz təhlükə" olduğu barədə ABŞ versiyasına inanmır. Trampın mediaya hücumları və ziddiyyətli açıqlamaları da bu etimadı daha da zəiflədir.

ABŞ üçün uzunmüddətli risk

Jurnalist hesab edir ki, ABŞ-ın nüfuz itkisi gələcək üçün ciddi təhlükədir. Əgər Vaşinqton davranış baxımından rəqiblərindən fərqlənməz hala gəlsə, ölkələr Çin və ya Rusiyanı tərəfdaş kimi seçə bilər.
Bu gün ABŞ xüsusilə Avropada əvvəlki kimi etibarlı tərəfdaş sayılmır və müttəfiqlərinin sayı azalır. Hestinqs yazır: "Həqiqət sadəcə mənəvi dəyər deyil, silahdır və bu silah hazırkı administrasiya tərəfindən zəiflədilib".

İranda mümkün quru əməliyyatı

Eyni zamanda, "The Washington Post"un məlumatına görə, ABŞ İranda uzunmüddətli quru əməliyyatlarına hazırlaşır. Artıq minlərlə amerikalı hərbçi Yaxın Şərqə göndərilib. Bununla belə, söhbət tammiqyaslı işğaldan deyil, daha çox xüsusi təyinatlı qüvvələrin reydlərindən gedir. Belə əməliyyatlar isə ABŞ hərbçiləri üçün ciddi risklər - dronlar, raketlər və partlayıcı qurğular təhlükəsi yaradır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər