Biz kimik? - Alimlər insanın genetik mənşəyinə dair yeni iddia ortaya qoydular
Dünya
237
08:39, Bu gün

Biz kimik? - Alimlər insanın genetik mənşəyinə dair yeni iddia ortaya qoydular

Müasir insanların genomunun təxminən beşdə bir hissəsinin bir milyon ildən çox əvvəl insanın təkamül xəttindən ayrılmış naməlum qədim hominindən gəlmiş ola biləcəyi müəyyən edilib. Bu nəticəyə Yuta Universitetinin alimləri gəliblər.
 
Moderator.az xəbər verir ki, tədqiqat "bioRxiv" platformasında preprint kimi dərc olunub.
 
Alimlər müasir insanların, həmçinin neandertalların və denisovalıların genetik variantlarının paylanmasını təhlil ediblər. Bu isə müxtəlif qədim insan qrupları arasında baş vermiş çarpazlaşma epizodlarını izləməyə imkan verib.
 
Araşdırma göstərib ki, "Homo sapiens" genomunun təxminən 19.6%-i "superarxaik" adlandırılan populyasiyadan gələ bilər. Bu homininlər müasir insanların təkamül xəttindən təxminən 1.3 milyon il əvvəl ayrılıblar. Müəlliflərin sözlərinə görə, bu göstərici neandertalların genetik töhfəsini xeyli üstələyir - müasir insanlar onlardan cəmi təxminən 2% DNT miras alıblar.
 
Təhlil həmçinin göstərib ki, bu qədim qarışma proseslərində ən azı iki fərqli superarxaik populyasiya iştirak edib. Onlardan biri, ehtimal ki, Afrikada müasir insanların əcdadları ilə, digəri isə Avrasiyada neandertalların və denisovalıların əcdadları ilə qarışıb.
 
Tədqiqatçılar bildirirlər ki, bu qədim qohumun mümkün namizədlərindən biri "Homo erectus" ola bilər. Bu növ təxminən iki milyon il əvvəl Afrikanı tərk edərək Avrasiya ərazisinə yayılıb.
 
Alimlərin fikrincə, bu hipotez təsdiqlənərsə, insanın genetik tarixi əvvəl düşünüləndən daha mürəkkəb olacaq. Bu halda müasir insanlar birbaşa təkamül xəttinin deyil, müxtəlif qədim populyasiyaların genlərinin qarışığından formalaşmış "mozaika" kimi qiymətləndirilə bilər.
 
Bununla belə, müəlliflər vurğulayırlar ki, hələlik bu genlərin hansı konkret hominin növündən gəldiyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Qəti nəticələr üçün əlavə genetik və paleoantropoloji tədqiqatlara ehtiyac var. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər