"Niyə hərbi uğurlar strateji nəticəyə çevrilmir və Yaxın Şərqdə uzunmüddətli sabitlik üçün hansı addımlar tələb olunur?.."
Strategiya təkcə döyüşdə qələbə demək deyil. İndiki hökumətin böyük yanlışlığı ondadır ki, o, bir-birinin ardınca hərbi əməliyyatlara başlayır, müəyyən uğurlar qazanır, amma məsələnin tam həllinə gətirib çıxarmır.
Moderator.az xəbər verir ki, bu barədə İsrailin parlament müxalifətinin lideri və "Yeş Atid" ("Gələcək var") partiyasının rəhbəri Yair Lapid "vesty.co" nəşrində yazıb.
"Demək olar ki, qələbə" sindromu
Müəllif vurğulayır ki, müharibədə əldə olunan uğurlar hələ qələbə demək deyil. Onun fikrincə, İsrailin əsas problemi ondan ibarətdir ki, hərbi əməliyyatlar müəyyən nəticələr versə də, onlar heç vaxt tam və yekun həllə gətirib çıxarmır.
Dəfələrlə elan olunur ki, HƏMAS məhv edilib,amma o, Qəzzada qalır. Bildirilir ki, "Hizbullah" sıradan çıxarılıb, amma o, Livanda mövcuddur. Eyni sözlər İran barədə də deyilir, lakin rejim dəyişmir. Nəticədə hər dəfə "qələbə" deyil, sadəcə "demək olar ki, qələbə" əldə olunur. Bu isə o deməkdir ki, bir neçə ildən sonra növbəti münaqişə qaçılmaz olur. Müəllifə görə, bu yanaşma davamlı ola bilməz.
Strateji düşüncənin çatışmazlığı
Məqalədə qeyd olunur ki, strateji uğur yalnız döyüş meydanındakı nəticələrlə ölçülmür. Əsas məsələ hərbi nailiyyətləri siyasi imkanlar və addımlarla birləşdirməkdir. Müəllif hesab edir ki, problemin kökündə siyasi yanaşma dayanır. Onun fikrincə, İsrail artıq müharibələrin necə və hansı şərtlərlə bitəcəyini özü müəyyən edən aktor deyil.
Bu baxımdan ölkə getdikcə ABŞ-dan asılı "satellit dövlət" kimi davranır ki, bu da real qələbəyə nail olmağa mane olur. Strateji həll isə uzunmüddətli təhlükəsizlik, üstünlük və sabitlik deməkdir. Bu, yalnız hərbi güclə deyil, həm də siyasi manevr imkanları, ittifaqlar və daxili birliklə mümkündür.
Region və beynəlxalq mühit: risklər və imkanlar
Müəllif İsrailin hazırkı vəziyyətini iki aspektlə izah edir: bir tərəfdən o, regionun güclü oyunçusudur, digər tərəfdən isə Yaxın Şərqdə destabilizasiya amili kimi qəbul olunur. ABŞ, Avropa və ərəb ölkələrində ictimai rəy getdikcə İsrailin əleyhinə formalaşır. Bu isə həyati əhəmiyyətli ittifaqların qurulmasını və saxlanmasını çətinləşdirir.
Bununla belə, müəllif hesab edir ki, İsrail yalnız hərbi güc deyil, eyni zamanda regional sabitlik, iqtisadi inkişaf və siyasi perspektiv təqdim edən aktora çevrilə bilər. Bunun üçün mövcud yanaşmanın dəyişməsi və uzunmüddətli planın hazırlanması vacibdir.
Strateji həll üçün 7 əsas addım
Müəllif konkret proqram təqdim edir və hesab edir ki, bu addımlar hərbi uğurları real strateji qələbəyə çevirə bilər:
Birincisi, ABŞ və region ölkələri ilə birlikdə Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin İran əleyhinə hərbi koalisiyaya cəlb edilməsi.
İkincisi, Livanın cənubunda təhlükəsiz zona yaradılması ilə paralel olaraq, Livanla münaqişənin başa çatdırılması üzrə birbaşa danışıqların başlanması və "Hizbullah"ın silahsızlaşdırılması.
Üçüncüsü, Qəzza ilə bağlı Donald Trampın "20 maddəlik planı"nın qəbul edilməsi və real icrası, həmçinin Misir, BƏƏ və Səudiyyə Ərəbistanının əsas rol alması.
Dördüncüsü, yaxın 15 il ərzində Qəzzanın idarə olunması və bərpasında Misirin aparıcı gücə çevrilməsi.
Beşincisi, ABŞ və BƏƏ ilə birlikdə "Negev forumu"nun yenilənməsi və Səudiyyə Ərəbistanı ilə İordaniyanın da bu platformaya qoşulması.
Altıncısı, regionda "Müsəlman qardaşlar" kimi qüvvələrə qarşı mübarizəyə rəhbərlik edilməsi.
Yeddincisi, ABŞ-da (həm respublikaçılar, həm demokratlar arasında), Qərbi Avropada və ərəb dünyasında İsrailin imicini bərpa etmək üçün geniş informasiya və diplomatik strategiyanın hazırlanması.
Hərbi güc yetərli deyil
Müəllif yekunda vurğulayır ki, İsrail regionun ən güclü ordularından birinə malikdir və bu ordu yüksək effektiv fəaliyyət göstərir. Lakin təkcə hərbi güc kifayət etmir. Əgər bu güc siyasi və strateji planla tamamlanmasa, əldə olunan uğurlar yenə də "demək olar ki, qələbə" səviyyəsində qalacaq. Əsl qələbə isə yalnız bütün cəbhələrdə - hərbi, siyasi və diplomatik sahələrdə koordinasiyalı yanaşma ilə mümkündür.