"ABŞ və İsrailin zərbələrinə baxmayaraq, Tehran hələ də ciddi potensial saxlayır..."
ABŞ kəşfiyyatı İranın raket arsenalının yalnız təxminən üçdə birinin məhv edildiyini dəqiq təsdiqləyə bilir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, arsenalın qalan hissənin taleyi isə qeyri-müəyyən olaraq qalır - bu silahlar ya zədələnib, ya gizlədilib, ya da yeraltı tunellərdə saxlanılır. İsrailin hesablamalarına görə, müharibədən əvvəl İranın təxminən 2500 ballistik raketi olub.
335-dən çox qurğunun "neytrallaşdırıldığı" bildirilsə də, bu, potensialın tam sıradan çıxarılması demək deyil və qalan 30 faizi məhv etmək çətin hesab olunur. Dronlarla bağlı da oxşar vəziyyət var: yalnız bir hissəsi sıradan çıxarılıb, lakin İranın bərpa imkanları qalır. Bununla yanaşı, hücumların intensivliyi ümumilikdə təxminən 90 faiz azalıb.
Yeni hücumlar və risklər artır
"Reuters" bildirir ki, İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına zərbəsi nəticəsində 12 amerikalı hərbçi yaralanıb, ümumilikdə isə müharibə ərzində 13 ABŞ əsgəri həlak olub.
Eyni zamanda husilər də aktivləşir. Martın 28-də İsrailə atılan raketin zərərsizləşdirilməsi yeni cəbhənin açıldığını göstərir. İran İnqilabı Keşikçiləri Korpusu isə ABŞ və İsraili daha geniş cavabla hədələyərək regiondakı sənaye obyektlərini mümkün hədəf kimi göstərir.
Müharibə artıq kiber və informasiya müstəvisində
Qarşıdurma yalnız hərbi sahə ilə məhdudlaşmır. İranla əlaqələndirilən "Handala" haker qrupu ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri Keş Patelin şəxsi poçtunu sındıraraq məlumatlar yayıb. Bu, kiber müharibənin aktiv mərhələyə keçdiyini göstərir.
Eyni zamanda İranın xarici işlər naziri Abbas Araqçı ABŞ ictimaiyyətinə yönəlik mesajlarla informasiya mübarizəsini gücləndirir. "The Economist"in qeyd etdiyi kimi, son eskalasiya ABŞ üçün gözləniləndən daha mürəkkəb nəticələr yaradıb. Nəticədə, hazırkı mərhələdə heç bir tərəf həlledici üstünlük qazana bilməyib və münaqişə uzunmüddətli xarakter alır.