Dünya
298
13:55, Bu gün

"ABŞ və Avropa arasında gərginlik: Rubio və Kallas Ukrayna mövzusunda üz-üzə gəldi" - "Axios"

"Vaşinqtonun mövqeyi, silah məsələsi və danışıqların taleyi ətrafında fikir ayrılığı dərinləşir..."

G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas ilə ABŞ dövlət katibi Marko Rubio arasında Ukrayna müharibəsi ilə bağlı kəskin mübahisə yaşanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

G7-də sərt mübahisə: ABŞ-a təzyiq artır

Kallas Vaşinqtonu Moskva üzərində təzyiqi artırmamaqda ittiham edib və bir il əvvəl səsləndirilmiş bəyanatı xatırladaraq soruşub: "Rusiya geri çəkilmir, bəs ABŞ-ın səbri nə vaxt tükənəcək?".

Mənbələrin sözlərinə görə, Rubio bu iradlara sərt reaksiya verib və ABŞ-ın müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etdiyini bildirib. O, hətta "əgər kimsə bunu daha yaxşı bacarırsa, buyursun" deyərək tonunu yüksəldib. Gərginliyi azaltmaq üçün bəzi Avropa nazirləri müzakirəyə müdaxilə edib və ABŞ-ın diplomatik rolunun davam etməsinin vacibliyini vurğulayıb.

Silah məsələsi və ABŞ-ın prioritetləri

Eyni zamanda Rubio ABŞ-ın Ukraynaya nəzərdə tutulan silahları gələcəkdə Yaxın Şərqə yönəldə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, hələlik belə bir addım atılmayıb, lakin "ABŞ-ın milli maraqları tələb edərsə", bu qərar qəbul edilə bilər.

O vurğulayıb ki, bu silahlar ABŞ-a məxsusdur və istənilən halda ölkənin təhlükəsizlik ehtiyacları birinci yerdə dayanır. Bu isə Vaşinqtonun prioritetlərinin dəyişə biləcəyi ilə bağlı narahatlıqları daha da artırır.

Bundan əlavə, Rubio Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatlarını təkzib edərək bildirib ki, ABŞ heç vaxt Donbasdan qoşunların çıxarılmasını təhlükəsizlik zəmanətləri ilə şərtləndirməyib. Onun sözlərinə görə, Vaşinqton sadəcə tərəflərin mövqelərini çatdırır və yekun qərar Ukraynanın özünə məxsusdur.

Danışıqlar dalana dirənir

Zelenski isə bildirib ki, hazırda Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar faktiki olaraq dayanıb. Buna səbəb kimi isə ABŞ-ın İranla bağlı münaqişə fonunda təhlükəsizlik səbəbilə ölkə xaricində görüşlərə hazır olmaması göstərilir. Onun sözlərinə görə, ABŞ yalnız öz ərazisində görüş keçirməyə razıdır, Rusiya isə buna qarşı çıxır. 

Ukrayna isə danışıqların Türkiyə və ya İsveçrə kimi neytral ərazilərdə keçirilməsini təklif edir. Beləliklə, həm diplomatik platformada, həm də hərbi və siyasi qərarlarda artan fikir ayrılığı Ukrayna müharibəsinin yaxın perspektivdə həllini daha da çətinləşdirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər