BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün xüsusi işçi qrup yaradıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.
Onun sözlərinə görə, qrupa BMT-nin Layihələrə Xidmət İdarəsinin rəhbəri Jorje Moreyra da Silva başçılıq edəcək.
Qeyd olunub ki, yeni qurumun əsas məqsədi Hörmüz boğazı vasitəsilə gübrə və xammal daşımalarının asanlaşdırılması üçün texniki mexanizmlərin hazırlanmasıdır.
Bildirilir ki, qrup fəaliyyətində əvvəlki təşəbbüslərin, o cümlədən Qara dəniz taxıl təşəbbüsünün təcrübəsini nəzərə alacaq.
Mexanizmin həyata keçirilməsi isə üzv dövlətlərlə sıx məsləhətləşmələr əsasında, milli suverenlik və beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılacaq.