Dünya
265
17:00, Bu gün

"Hyundai" Yaxın Şərq üçün özəl tank hazırladı

Cənubi Koreyanın "Hyundai Rotem" şirkəti Çanvon şəhərində yerləşən müəssisəsində K2 tankının Yaxın Şərq regionu üçün hazırlanmış yeni modifikasiyasını nümayiş etdirib.

Moderator.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, K2ME model tanklar 50 dərəcəyə çatan isti hava şəraitində çalışmaq qabiliyyətinə malikdirlər və onların qüllə hissəsi xüsusi soyutma sistemi ilə təmin edilib.

"Təhlükəsizlik mühitinin kəskin şəkildə dəyişdiyi bir dövrdə Yaxın Şərq bazarına ixrac məqsədi daşıyan bu layihənin uğuru Cənubi Koreyanın hərbi sənaye kompleksinin dünya miqyasında rəqabətə davamlılığını daha da artıracaq", - deyə "Hyundai Rotem" şirkətinin rəhbəri Li Yanq-bae bildirib.

Xatırladaq ki, "Hyundai Rotem" 2025-ci ilin oktyabrında Goyangda baş tutan ADEX-2025 müdafiə sərgisində K2 tankının Polşa üçün nəzərdə tutulan variantını da təqdim etmişdi. K2PL adlanan bu model standart versiyadan pulemyotlar üçün nəzərdə tutulmuş məsafədən idarəetməli silah modulu (RCWS), anti-dron sistemi və təkmilləşdirilmiş aktiv qorunma kompleksi kimi əlavə təhlükəsizlik funksiyaları ilə seçilir. Həmçinin, Polşa üçün istehsal edilən versiyanın çəkisi daha çoxdur.

Standart K2GF modeli 56 ton olduğu halda, bu tank təqribən 60 ton ağırlığındadır.

"Hyundai Rotem" müxtəlif növ nəqliyyat vasitələrinin, hərbi texnikaların və sənaye avadanlıqlarının istehsalı ilə məşğul olan Cənubi Koreya müəssisəsidir. Qeyd edək ki, qurum "Hyundai Motor Group" korporasiyasının tərkibinə daxildir.

Link kopyalandı!
Son xəbərlər