Yaşayış üçün yararlı planetlərin sayı açıqlandı
Dünya
327
26 Mar 2026 | 21:59

Yaşayış üçün yararlı planetlərin sayı açıqlandı

Astronomlar potensial yaşayış üçün yararlı olan dünyaların siyahısını minlərlə obyektdən bir neçə onluğa qədər ixtisar ediblər.

Moderator.az xəbər verir ki, tədqiqat işi "Monthly Notices of the Royal Astronomical Society" (MNRAS) jurnalında dərc olunub.

Alimlər məlum olan 6000-dən çox ekzoplanet arasından həyatın mövcudluğu üçün daha yüksək ehtimala malik olan 45 qayalıq planeti ayırıblar.

Komanda ulduzun ətrafındakı "yaşayış zonasında" - temperaturun maye suyun mövcudluğuna imkan verdiyi bölgədə yerləşən planetləri müəyyən etmək üçün "Gaia" missiyasının və NASA-nın "Exoplanet Archive" məlumatlarını təhlil edib. Məhz maye suyun mövcudluğu həyat üçün əsas şərt hesab olunur, buna görə də belə planetlər növbəti müşahidələr üçün əsas namizədlər kimi nəzərdən keçirilir.

Ən perspektivli obyektlər arasında "Proxima Centauri b", "TRAPPIST-1e", "TRAPPIST-1f" və "Kepler-186f" yer alır. Alimlər Yerdən cəmi 40 işıq ili məsafədə yerləşən "TRAPPIST-1" sisteminə, həmçinin "LHS 1140 b" planetinə xüsusi diqqət yetirirlər. Bu dünyaların bəziləri öz ulduzlarından təxminən Yerin Günəşdən aldığı qədər enerji alırlar. Bu isə onları atmosfer və mümkün biosinqnaturların (həyat izlərinin) axtarışı üçün xüsusilə maraqlı edir.

Bundan əlavə, tədqiqatçılar daha dar çərçivədə müəyyən edilmiş yaşayış zonasında yerləşən daha 24 planeti fərqləndiriblər. Həmçinin siyahıya "TOI-700e" və "K2-3d" kimi dartılmış orbitə malik obyektlər də daxil edilib; məqsəd planetlərin vaxtaşırı olaraq əlverişli temperatur hədlərindən kənara çıxdığı halda belə, yaşayış üçün yararlı qalıb-qalmadığını anlamaqdır.

Hazırlanmış kataloq astronomlara diqqəti ən perspektivli hədəflərə yönəltməyə kömək etməlidir. Yaxın illərdə onlar kosmik və yerüstü teleskoplar vasitəsilə öyrəniləcək. Alimlər ümid edirlər ki, detallı müşahidələr bu planetlərin atmosferinin olub-olmadığını və səthlərindəki şəraiti müəyyən etməyə imkan verəcək. Bu, kənar dünyalarda həyatın axtarışı və kainatda yaşayış sərhədlərinin dəqiqləşdirilməsi istiqamətində növbəti addım olacaq.

 

(publika)

Link kopyalandı!
Son xəbərlər