"İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır, həmçinin İrana və "Hizbullah" hərəkatına qarşı hərbi kampaniyanı davam etdirir".
Oxu.Az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail düşmən qüvvələrinin ölkənin şimalına soxulması təhlükəsini aradan qaldırıb və indi "Hizbullah"ın tank əleyhinə raketlərlə hücumlarının qarşısını almaq üçün Livanda genişləndirilmiş bufer zonası yaratmaq üzərində işləyir.
B.Netanyahu əlavə edib ki, İrana qarşı kampaniya mediada nə yazılmasından asılı olmayaraq, tam gücü ilə davam edir. O, həmçinin İsrailin "Hizbullah"ın məhvinə xüsusi diqqət yetirəcəyini və Suriyada etno-konfessional druz azlığını qorumağa davam edəcəyini bildirib.