Yaponiyadakı Çin səfirliyinə basqın: Pekindən Tokioya kəskin etiraz
Dünya
261
11:00, Bu gün

Yaponiyadakı Çin səfirliyinə basqın: Pekindən Tokioya kəskin etiraz

"Pekin Tokiodakı Çin səfirliyinə edilən basqınla bağlı Yaponiyaya etiraz edib".
 
Moderator.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Jian brifinqdə bildirib.
 
Çinli diplomatın sözlərinə görə, martın 24-də səhər özünü Yaponiya Özünümüdafiə Qüvvələrinin xidmətdə olan rəsmisi kimi təqdim edən cinayətkar divara dırmaşaraq Tokiodakı Çin səfirliyinə daxil olub. Kişi Çin diplomatlarını "Allahın adı ilə" öldürməklə hədələyib. O, hərəkətlərinin qanunsuz olduğunu etiraf edib.
 
Lin Jian vurğulayıb ki, Çin bu hadisədən dərin sarsıntı keçirib. Onun sözlərinə görə bu hadisə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozmaqla yanaşı, çinli diplomatlarının şəxsi təhlükəsizliyini və diplomatik obyektlərin təhlükəsizliyini ciddi şəkildə təhdid edib.
 
Çin XİN-in sözçüsü əlavə edib ki, bu hadisə Yaponiyada ifrat sağçı ideologiya və qüvvələrin geniş yayılmasını əks etdirir və Yaponiya hökumətinin Tayvan kimi Çin-Yaponiya münasibətləri ilə bağlı əsas məsələlərdə səhv siyasətini ifşa edir. Lin Jian əlavə edib ki, beynəlxalq ictimaiyyət Yaponiyanın siyasəti və Özünümüdafiə Qüvvələrinin nəzarətdən çıxma meyli ilə bağlı son dərəcə ayıq-sayıq olmalıdır. Pekin Yaponiyadan hadisəni dərhal araşdırmağı, günahkarları sərt şəkildə cəzalandırmağı və Çinə hesabat təqdim etməyi tələb edib.
 
Yaponiyanın "The Nikkei" qəzeti xəbər verir ki, paytaxt polisi səfirliyə hücum edən şəxsi həmin axşam həbs edib. Onun 23 yaşlı Özünümüdafiə Qüvvələrinin leytenantı Koki Murata olduğu müəyyən edilib. Məlumatda deyilir ki, səfirlik işçilərindən heç biri xəsarət almayıb.
 
"Şübhəsiz ki, mən içəri girmişəm. Niyyətim Çin səfiri ilə görüşmək və ona bu cür sərt açıqlamalar verməməyi söyləmək idi", - deyə nəşr Muratadan sitat gətirib.
 
Yaponiya faktı təsdiqləyib və polis istintaqı ilə əməkdaşlıq edəcəyinə söz verib. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər