İran müvəqqəti atəşkəsdə maraqlı deyil, ABŞ və İsrailin hücum etməmə zəmanətləri ilə davamlı sülh müqaviləsi istəyir.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetdə bildirilib ki, Tehran həmçinin iqtisadi sanksiyaların yumşaldılmasını istəyir.
Nəşrin mənbələri xatırladıblar ki, müharibədən əvvəlki danışıqlarda məhdudiyyətlərin qaldırılmasına yalnız nüvə silahı tələbləri yerinə yetirildiyi təqdirdə icazə verilirdi. ABŞ və İsrail rəsmiləri NYT-yə bildiriblər ki, ABŞ enerji obyektlərinə zərbə endirməkdən imtina etməsinə baxmayaraq, digər hədəflərə hücum etməyə davam edir. Onların sözlərinə görə, bölgəyə əlavə ABŞ hərbi qüvvələri yerləşdirilir və Ağ Ev lideri Donald Tramp hələ də Xarq adasına eniş etmək və yüksək zənginləşdirilmiş uranın təhlükəsizliyini təmin etmək imkanlarını araşdırır.
Məqalədə həmçinin İranın xarici işlər naziri Abbas Əraqçının Tehranın mövqeyini ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffa çatdırdığı da qeyd olunub. Qəzet bildirib ki, iranlı diplomat İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin Vaşinqtonla danışıqların aparılmasını təsdiqlədiyi barədə məlumat verib.