ABŞ-də qadın başqasının uşağını qaçıraraq öz uşağından üzr istəməyə məcbur edib.
Moderator.az-ın məlumatına görə, bu barədə "ABC4" məlumat yayıb.
Bildirilib ki, hadisə Yuta ştatının Provo şəhərində qeydə alınıb.
Xəbərə görə, 40 yaşlı Şennon Mari Tufuqa 11 yaşlı oğlanı qaçırmaqda və onunla qəddar rəftar etməkdə ittiham olunur. İttiham aktına əsasən o, ötən il sentyabrın 17-də oğlunu incitməkdə şübhələndiyi uşağı məqsədyönlü şəkildə axtarıb. Nəhayət, o, velosiped sürən oğlanı görüb, avtomobilini onun qarşısında saxlayıb və zorla maşınına mindirib. O, valideynlərinin xəbəri və ya razılığı olmadan oğlanın övladından üzr istəməsi üçün onu evinə aparıb.
İstintaqın məlumatına görə, azyaşlı üzr istədikdən sonra qadın onu ərinin döyəcəyi ilə hədələyib. Bunun ardınca Tufuqa zərərçəkəni evinə aparıb. Bildirilib ki, baş verən hadisə uşağa o qədər güclü təsir edib ki, ona şiddətli təşviş pozuntusu diaqnozu qoyulub. Bundan əlavə, o, gündəlik həyat rejimini köklü şəkildə dəyişdirmək məcburiyyətində qalıb.