Namibiyanın media tənzimləyicisi, iş adamı Elon Maskın nəzarətində olan "SpaceX" şirkətinə məxsus peyk rabitə sistemi olan "Starlink" üçün lisenziya verməkdən imtina edib.
Moderator.az xəbər verir ki, bu barəd yerli SABC radiostansiyasının məlumatında bildirilib.
Namibiyanın rabitə tənzimləmə orqanı qərarının konkret səbəbləri barədə heç bir açıqlama verməyib. Lakin qeyd edilib ki, sözügedən orqan növbəti 90 gün ərzində ya öz təşəbbüsü ilə, ya da "Starlink" tərəfindən verilən ərizə əsasında qərarı yenidən nəzərdən keçirə bilər.
Qeyd edək ki, 2024-cü ilin payızında rabitə tənzimləmə orqanı "Starlink" şirkətini ölkə ərazisində lisenziyasız fəaliyyət göstərməkdə ittiham edərək, dayandırma əmri verib. Tənzimləyici həmçinin istehlakçılardan qanunsuz hesab edilən terminalların müsadirə edilməsini əmr edib. Hazırda 28 Afrika ölkəsində səlahiyyətlilər "Starlink" üçün lisenziyalar veriblər.