Böyük Britaniya İranın hücumlarının qarşısını almaq üçün yaxınmənzilli zenit-raket komplekslərini (ZRK) təcili qaydada Yaxın Şərqdəki tərəfdaşlarına göndərəcək.
Moderator.az-ın məlumatına görə, bu barədə Britaniya hökumətinin başçısı Kir Starmer İcmalar Palatasının (aşağı palata) komitə rəhbərlərinin suallarını cavablandırarkən bildirib.
"Biz Bəhreyn ərazisində yaxınmənzilli zenit-raket sistemlərinin sürətləndirilmiş qaydada yerləşdirilməsini həyata keçiririk. Bu məsələ ötən həftəsonu təcili qaydada qaldırılıb. Analoji tədbirlər Küveyt və Səudiyyə Ərəbistanı ilə bağlı da tərəfimizdən görülür", - o bəyan edib.
Starmer həmçinin qeyd edib ki, İranın Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən Britaniya-ABŞ birgə hərbi bazasına doğru atdığı raketlər hədəfinə çatmayıb.
"İki raket Dieqo-Qarsiyaya çatmayıb", - Britaniya hökumətinin başçısı vurğulayıb.