Tibb üzrə ABŞ-li Nobel mükafatçısı vəfat etdi
Dünya
301
17:10, Bu gün

Tibb üzrə ABŞ-li Nobel mükafatçısı vəfat etdi

Xərçəngə səbəb olan genlərin kəşfinə görə 1989-cu ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş Con Maykl Bişop 90 yaşında San-Fransiskoda vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri dünyaşöhrətli alimin ailəsinə istinadən məlumat yayıb.

Bişopun ölüm səbəbi pnevmoniya olub.

Xəbərdə bildirilir ki, Bişop 1970-ci ildə Manhettendəki tibb mərkəzində professor Harold Varmus ilə elmi-tədqiqat əməkdaşlığına başlayıb.

Onlar birlikdə hüceyrələrin normal böyüməsini və bölünməsini idarə edən, lakin mutasiyaya uğradıqda xərçəngə səbəb olan genlərə (və ya onkogenlərə) çevrilən genlər ailəsini müəyyən ediblər. Bu iş şişlərin necə yarandığına dair təsəvvürləri dəyişib. Bundan əvvəl onkogenlər viruslar tərəfindən orqanizmə daxil edilən yad genlər kimi təqdim olunurdu.

Bişop və Varmus sübut ediblər ki, eyni genlər sağlam hüceyrələrdə də mövcuddur. Kəşf xərçəng tədqiqatlarının istiqamətinin dəyişməsinə kömək edib.

Link kopyalandı!
Son xəbərlər