Bizi sosial şəbəkələrdən izləyin:
Dünya üzrə süni intellekt istifadəçiləri neyron şəbəkələr səbəbindən işlərini itirmək perspektivindən daha çox çat-botların buraxdığı səhvlərdən ehtiyat edirlər.
Moderator.az xəbər verir ki, bu barədə "The Financial Times" süni intellektdən istifadə ilə bağlı sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğu iştirakçılarının 27%-i süni intellektin buraxdığı səhvlərdən ("hallüsinasiyalar") narahatlıq keçirdiyini bildirib. Daha 22% respondent iş yerlərinin itirilməsi və insanın müstəqilliyinə təsirlə bağlı risklərdən ehtiyat edir. Təxminən 16% istifadəçi isə texnologiyaların insanların tənqidi düşünmə qabiliyyətinə təsirindən narahatdır.
Araşdırma çərçivəsində 159 ölkədən "Claude" çat-botunun 80 mindən çox istifadəçisi ilə müsahibələr aparılıb. Müsahibələr şirkətin "Claude Interviewer" adlı süni intellekt xidməti vasitəsilə həyata keçirilib.
Tədqiqata rəhbərlik edən alim Saffron Huan bildirib ki, insanların süni intellekt sistemlərinə münasibətində aydın regional fərqlər mövcuddur. Məsələn, Cənubi Amerika, Afrika, Cənubi və Cənub-Şərqi Asiya sakinləri süni intellektə Avropa, ABŞ və Şərqi Asiya ilə müqayisədə daha nikbin yanaşırlar.
"Bir tendensiya müşahidə olunur: aşağı və ortagəlirli ölkələr yüksəkgəlirli ölkələrə nisbətən daha nikbindir. Çünki sonuncularda süni intellektin təsiri daha çox hiss olunur", - deyə o əlavə edib. /oxu.az/