Dünya
442
11:55, Bu gün

"Danışmağa adam yoxdur": ABŞ kəşfiyyatı Tehranda tərəfdaş tapa bilmir" - "Axios"

"İran rejimi zəifləsə də, nə çökmək üzrədir, nə də onunla danışacaq aydın fiqur görünür..."

İrana qarşı müharibənin başlamasından üç həftə keçməsinə baxmayaraq, ABŞ kəşfiyyatı İranda rejimin yaxın zamanda çökəcəyinə dair əlamətlər görmür.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.

Rejim zəifləyib, amma dağılmaq üzrə deyil

Nəşrin yazdığına görə, MKİ direktoru Con Retliff və Pentaqonun kəşfiyyat rəhbəri general Ceyms Adams Konqresdə qapalı dinləmələrdə bildiriblər ki, İran hakimiyyəti ciddi idarəetmə böhranı yaşayır, lakin onun dağılması qaçılmaz deyil. Kəşfiyyatın ümumi qənaəti belədir: müharibə rejimi zəiflədir, amma eyni zamanda onu daha sərt və qapalı edir. Real hakimiyyətin isə getdikcə SEPAH-ın əlinə keçdiyi düşünülür.

Tehranda "görünməyən lider" problemi

Vaşinqton üçün əsas çətinlik isə danışıqlar aparmaq üçün aydın tərəfdaşın olmamasıdır. Martın 9-da ali lider elan olunan Müctəba Xamenei hələ də ictimaiyyət qarşısına çıxmayıb. Novruz münasibətilə onun yalnız yazılı təbriki və bir neçə fotosu yayımlanıb, lakin bu materialların həqiqiliyi belə araşdırılır. 

Eyni vaxtda İran prezidenti Məsud Pezeşkian video müraciət yayımlasa da, real qərarverici kimi qəbul edilmir. ABŞ və İsrail rəsmiləri bildirir ki, Müctaba Xameneinin faktiki olaraq ölkəni idarə etdiyinə dair sübut yoxdur. Daha əvvəl ABŞ müdafiə naziri Pet Heqset onun hücum zamanı yaralandığını və ağır vəziyyətdə olduğunu deyib.

Vəziyyəti daha da mürəkkəbləşdirən amil isə İranın əsas fiqurlarından biri sayılan Əli Laricaninin aradan götürülməsidir. ABŞ və İsrail kəşfiyyatı onu faktiki idarəedici kimi görürdü. Onun yoxluğu hakimiyyət boşluğu yaradıb və bu boşluğu SEPAH doldurmağa başlayıb.

Danışıqlar dalanda: nə tərəf var, nə vasitəçi

Donald Tramp administrasiyasında artıq İranla mümkün danışıqların formatı müzakirə olunur. Xüsusi nümayəndələr Cared Kuşner və Stiv Uitkoff variantlar üzərində işləsələr də, iki əsas problem qalır: Tehranda kiminlə danışmaq və kim vasitəçi olacaq. İranın xarici işlər naziri Abbas Aragçı formal olaraq əsas danışıqlar aparan fiqur sayılır, lakin Vaşinqtonda onu qərar verən deyil, sadəcə ötürücü kimi qəbul edirlər.

ABŞ vasitəçi kimi Qətərı görmək istəsə də, Doha bu rolu üzərinə götürmək istəmir. Tramp özü bildirib ki, danışıqlara prinsipcə qarşı deyil, lakin atəşkəs tələblərini qəbul etməyə hazır deyil və kompensasiya məsələsini "müzakirə mövzusu deyil" kimi qiymətləndirir. Onun sözlərinə görə, hazırkı şərait hələ uyğun deyil və Vaşinqton gözləyə bilər. 

ABŞ rəsmilərindən biri isə mümkün kompromis kimi dondurulmuş aktivlərin qaytarılması məsələsinin fərqli terminlərlə təqdim edilə biləcəyini istisna etməyib. Tramp vəziyyəti belə ümumiləşdirib: "Onların rəhbərliyi məhv edilib, indi orada heç kim rəhbər olmaq istəmir. Biz danışmaq istəyirik, amma danışmağa adam yoxdur. Və bilirsiniz necədir? Bu, bizi qane edir".

Link kopyalandı!
Son xəbərlər