"Ən böyük təhlükə insanın öz yaratdıqlarıdır..."
Alimlər bəşəriyyətin mümkün sonunun dini təsvirlərdəki kimi qəfil və mistik olmayacağını, əksinə, insanın öz texnologiyalarının nəticəsi kimi baş verə biləcəyini bildirir.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Kembric Universitetinin ekzistensial risklər üzrə tədqiqatçısı Tomas Moyniqanın fikrincə, söhbət "qiyamət günü"ndən yox, sivilizasiyanın elmi əsaslı çöküş ssenarisindən gedir. Ekspertlərə görə, əsas risklər bir neçə istiqamətdə cəmlənir və onların böyük hissəsi məhz insan fəaliyyəti ilə bağlıdır: nüvə müharibəsi, nəzarətdən çıxmış süni intellekt və təhlükəli bioloji silahlar.
Nüvə müharibəsi və "nüvə qışı" təhlükəsi
Alimlər hesab edir ki, qlobal nüvə qarşıdurması ehtimalı yenidən artır. Belə bir münaqişənin əsas təhlükəsi təkcə ani itkilərlə məhdudlaşmır. Hətta məhdud regional nüvə müharibəsi belə atmosferə böyük həcmdə kül və his qaldıra bilər.
Bu isə "nüvə qışı" adlanan effektə səbəb olar: planetdə temperatur təxminən 10 dərəcə aşağı düşər və bu vəziyyət illərlə davam edə bilər. Nəticədə kənd təsərrüfatı çökmə həddinə gələr və qlobal aclıq baş verər. Hesablamalara görə, belə ssenaridə milyardlarla insan həyatını itirə bilər.
Süni intellekt: nəzarətsiz zəka riski
Alimlərin bir qismi ən böyük təhlükənin məhz süni intellektdən gəldiyini düşünür. Tədqiqatçılar Elyezer Yudkovski və Neyt Soares bu riskin ehtimalını olduqca yüksək, hətta 95-99,5 faiz səviyyəsində qiymətləndirirlər.
Problem "məqsədlərin uyğunsuzluğu" ilə bağlıdır. Yəni süni intellektin məqsədləri insan maraqları ilə üst-üstə düşməyə bilər. Nobel səviyyəli mükafat laureatı Ceffri Hinton da xəbərdarlıq edir ki, daha aşağı intellekt səviyyəsinə malik varlıqların daha üstün zəkanı uzun müddət nəzarətdə saxlaması çətindir.
Ekspertlər hesab edir ki, belə sistemlər gizli şəkildə inkişaf edərək insanları özləri üçün lazım olan qərarlar verməyə yönəldə bilər. Hətta nəzəri olaraq bu proses robotlaşdırılmış hərbi gücün yaranmasına və nəticədə insanlıq üçün təhlükəyə çevrilə bilər.
Bioloji risklər və iqlim amilinin rolu
Mütəxəssislər qeyd edir ki, təbii epidemiyalar bəşəriyyəti tam məhv etməyə bilər, lakin süni yaradılmış viruslar daha təhlükəlidir. Müasir texnologiyalar bu cür patogenlərin hazırlanmasını asanlaşdırır və bu da riskləri artırır.
İqlim dəyişikliyi isə birbaşa yox olma səbəbi kimi qiymətləndirilməsə də, digər təhlükələri gücləndirən amil kimi çıxış edir. Qida çatışmazlığı, kütləvi miqrasiya və siyasi gərginliklər nəticədə daha böyük münaqişələrə, hətta nüvə qarşıdurmasına yol aça bilər.
Beləliklə, alimlərin ümumi qənaəti budur ki, bəşəriyyətin sonu - əgər belə bir ssenari baş verərsə - mistik yox, texnoloji olacaq. İnsanlıq üçün əsas təhlükə xarici qüvvələr deyil, məhz öz yaratdığı və tam nəzarət edə bilmədiyi sistemlərdir.