Dünya
698
20:45, Bu gün

"Nə ABŞ, nə də İsrail İran rejimini devirə bilməyəcək" - ABŞ generalından sərt proqnoz

"Rejim dəyişikliyi ssenarisi real görünmür, əsas risk isə Hörmüz boğazına yönəlir..."

ABŞ-ın istefada olan general-leytenantı Mark Şvarts İrana qarşı müharibə fonunda səsləndirilən ən iddialı ssenariləri - rejim dəyişikliyi və hərbi müdaxilə ehtimalını real hesab etmir.

Moderator.az xəbər verir ki, bu barədə "Israel Hayom" nəşri yazıb.

Onun fikrincə, nə ABŞ, nə də İsrail Tehrandakı hakimiyyəti devirmək gücündədir. Şvarts bunu İranın daxili strukturu ilə izah edir. O bildirir ki, ölkədə ali dini liderin yerini tutacaq çoxsaylı alternativ fiqurlar var və sistem bir şəxsin yox olması ilə dağılmır.

"Hətta liderlər bir-bir aradan götürülsə belə, onların yerini dolduracaq yeni fiqurlar tapılacaq", - deyə o vurğulayır. Bundan əlavə, İranın güclü təhlükəsizlik aparatları, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusu rejimin davamlılığını təmin etmək qabiliyyətinə malikdir.

Daxili üsyan və quru əməliyyatı: mümkünsüz ssenarilər

General hesab edir ki, ölkə daxilində kütləvi üsyan yolu ilə hakimiyyətin dəyişməsi də real deyil. Onun sözlərinə görə, İran rəhbərliyi hakimiyyəti qorumaq üçün sərt addımlardan çəkinməyəcək: "Rejim təhlükə hiss etsə, minlərlə etirazçını öldürməkdən belə çəkinməz". Bu səbəbdən o, xalq hərəkatının uğur qazanacağına inanmır.

ABŞ-ın mümkün quru əməliyyatına gəlincə, Şvarts bunu açıq şəkildə "axmaqlıq" adlandırır. O, İraq təcrübəsini xatırladaraq bildirir ki, belə müdaxilələr uzunmüddətli sabitlik yaratmır, əksinə yeni problemlər doğurur.

Müharibənin real istiqaməti: Hörmüz riski

Generalın fikrincə, qarşıdakı əsas təhlükə quru əməliyyat yox, Hörmüz boğazı ətrafında baş verə biləcək hadisələrdir. O ehtimal edir ki, İran birbaşa blokada etməsə belə, neft tankerlərinə hücumlar və dəniz yollarının minalanması kimi addımlara əl ata bilər.

Bu isə regionda yeni beynəlxalq dəniz koalisiyasının formalaşmasına səbəb ola bilər. Şvartsın proqnozuna görə, vəziyyət nə qədər gərgin olsa da, sonda tərəflər yenidən danışıqlar masasına qayıtmağa məcbur olacaqlar.

Beləliklə, ABŞ generalının yanaşması müharibənin emosional ritorikasından fərqli olaraq daha realist görünür: İranda rejim dəyişikliyi nə daxildən, nə də xaricdən mümkün sayılır. Əsas ssenari isə uzanan qarşıdurma, regional risklərin artması və gec-tez diplomatik mərhələyə dönüş kimi qiymətləndirilir.

Link kopyalandı!
Son xəbərlər